Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində "Söz” ədəbi layihəsinin təqdimat mərasimi keçirildi.
Nazirlikdən Fuzuliteatr.az-a verilən məlumata görə, ədəbi-bədii gecədə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Bakıdakı Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin, xarici ölkələrin ölkəmizdə akkreditasiya olunmuş səfirliklərinin təmsilçiləri, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edirdi.
Tədbiri layihənin rəhbəri Nigar Həsənzadə açaraq layihə haqqında məlumat verdi. Bildirdi ki, "Söz” ədəbi layihəsi Azərbaycanın yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın artırılması, yeni istedadlı yazarların yaradıcılığının təşviq olunması məqsədi daşıyır.
Vurğulandı ki, layihə ölkəmizdə ədəbi və mədəni inkişafa öz töhfəsini verəcək: "Biz ədəbi axşamlar ənənəsini bərpa etmək üçün hər ay iki dəfə belə tədbirlər keçirməyi nəzərdə tutmuşuq. Bu tədbirlərdə arzu edənlər ölkəmizin ədəbiyyat korifeyləri, gənc yazarlar, eləcə də dünya ədəbiyyatı nümayəndələri ilə tanış ola biləcəklər”.
Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sözün insan həyatında və ünsiyyətində xüsusi əhəmiyyətə malik olduğunu diqqətə çatdırdı. Yazıçı ədəbiyyata və söz sənətinə xidmət edən layihənin müsbət nəticələri olacağına əminliyini ifadə etdi: "Bütün etiqadlara görə həyatı yaşadan amillərdən biri də sözdür. Bizim ədəbiyyatımızı yaradan böyük söz ustalarının təbliğ edilməsinə bu gün çox böyük ehtiyacımız var. Son dövrlər müxtəlif səbəbdən ədəbiyyata maraq azalıb. Düşünürəm ki, həyata keçirilən bu cür layihələr həm ədəbiyyata, həm də ədəbiyyat adamlarına yenidən artmasına töhfə olacaq”.
Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin nümayəndəsi Əli İhsan Çevik, Argentina, İspaniya, Böyük Britaniya, Rusiya və Yunanıstanın ölkəmizdə akkreditasiya olunmuş diplomatları şeirlər söyləmiş və çıxışlarında tədbiri maraqla qarşıladıqlarını bildirmişlər. Qeyd etdilər ki, belə tədbirlər Azərbaycan ədəbiyyatının tanıdılmasına, dünya ədəbiyyatının nümayəndələrinin təbliğinə, eyni zamanda ölkələr arasında mədəni əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.
Sonra Azərbaycan kinosunun dəyərli nümunələrindən olan "Dədə Qorqud” filmindən fraqmentlər nümayiş olundu və bir sıra şeirlər oxundu.