Füzuli bölgəsinin zəngin teatr ənənəsi var. Bu teatrın səhnəsində S.Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, M.Əliyev, S.Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdullayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oktay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı (Respublikanın əməkdar artisti), Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişmiş, əvəzedilməz obrazları ilə teatr səhnəsində böyük iz qoyub. Bu teatrın səhnəsində Ü.Hacıbəyovun "Əsli və Kərəm”, " Leyli və Məcnun”, N.B.Vəzirovun "Hacı Qənbər”, S.Vurğunun "Vaqif”, M.İbrahimovun "Həyat”, C.Cabbarlının "Almaz”, "Oktay Eloğlu”, A.Şaiqin "Vətən”, İ.Əfəndiyevin "Bahar suları” və s. əsərlər əsasında maraqlı tamaşalar oynanılıb.
1930-cu illərdə Füzuli şəhərində (o vaxtki Qaryagin qəzası)Qaryagin Dövlət Kolxoz və Sovxoz Teatrı adı ilə fəaliyyət göstərib.
Daha sonra Hüseynqulu Sarabski Qaryagin qəzasından Dövlət Dumasına deputat seçildiyinə görə 1943-cu ildə teatra onun adı verildi. Teatr 1943-1949-cü illərdə ustad sənətkarın şərəfinə onun adını daşıyıb. H.Sarabski öz sevimli " Məcnun” rolunu Qaryagin Musiqili DDT-nın səhnəsində dəfələrlə oynayıb. 1949-cü ildə sarabski DDT müəyyən səbəblər üzündən bağlandı. Teatr bağlansa da öz fəaliyyətini xalq teatrı formasında davam etdirirdi. Ürəkləri sənət eşqi ilə yanan aktyorlar özlərinə xalq teatrı yaratmaqla şərəfli sənət yolunu davam etdirdilər. Sonra Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyul 1989-cu il tarixli 292 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 3459/1 saylı əmri ilə 1989-cu il avqust ayının 04-də Füzuli Dövlət Dram Teatrı yarandı və bir əsrlik yaşı olan qədim Sarabski teatrının binası onun sələfi olan Füzuli teatrının ixtiyarına verildi. (Bina Mətbuat küçəsi ilə Xanlar küçəsinin kəsişməsində yerləşirdi) Azərbaycan SSR Mədəniyyət Nazirinin 312/k N-li əmri ilə əvvəllər Füzuli rayon Mədəniyyət evinin direktoru işləmiş Vəliyev Vaqif Zülfü oğlu teatrın direktoru təyin edildi. Əvvəllər Naxçıvan və Mingəçevir Teatrında işləmiş Novruzov Aqil teatrın quruluşçu rejissoru, Rzayev Anasim teatra baş mühasib, Əliyev Elçin teatrın baş inzibatçısı, Nizami Əliyev teatrın quruluş hissə müdiri, Mübariz Piriyev teatrın ədəbi hissə müdiri təyin edildi. Teatra ilkin aktyor qəbulu üçün müsabiqə keçirildi. Müsabiqənin nəticələrinə görə aşağıdakılar teatrın aktyor heyətinə daxil edildilər.
Mələksima Həsənova, Abdulla Abdullayev, İntizar Quliyeva, Məryəm Məmmədova, Asif Şirinov, Nizami Əliyev, Tofiqə Məmmədova, Hamlet İskəndərov, Fəxrəddin Salmanov, Əmiraslan Quliyev, Allahyar Əliyev, Vaqif Rəhimov, Dilarə Bəşirova, Lətifə Quliyeva və başqaları. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov teatrın açılışına S.Səxavət "Qapıların o üzündə qalan dünya”, V.Şukşin "Diribaş adamlar” tamaşasını hazırlayıb teatrsevərlərin ixtiyarına verdi.
Füzuli teatrı müxtəlif tamaşa proqramları ilə M.F.Axundzadənin "Hacı Qara”, İ.Əfəndiyevin "Unuda bilmirəm”, "Bahar suları”, S.S.Axundov "Eşq və İntiqam”, S.Rəhman "Toy”, L.Rəşidzadə "Toya bir gün qalmış” M.Qacar "Qabanın səfəri”, A.Məmmədov "Həmyerlilər”, "Kişilər”, Ə.Haqverdiyev "Dağılan tifaq”, A.P.Çexov "Təklif”, N.B.Vəzirov "Sonrakı peşmançılıq fayda verməz” və s.tamaşalarla çıxış edib.1992-ci ildən rayona ara-sıra hücumlar edildiyindən həmin ilin fevral ayından Füzuli teatrı öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində davam etdirməli oldu. Horadizdə normal yaradıcılıq məşqləri və normal iş ahəngi məlum işğalla əlaqədar 1993-cü il 23 avqust tarixə, Füzuli teatrı Sumqayıta köçürülənə kimi davam etdi. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 192 saylı əmri ilə Füzuli teatrı Sumqayıt şəhərində H.Ərəbliniski adına SDDT-nın yerləşdiyi S.Vurğun adına Mədəniyyət sarayında məskunlaşdı. 2003-cü ilin noyabr ayına kimi teatr öz fəaliyyətini Sumqayıtda davam etdirdi. Bu on il ərzində teatrda 40-dan çox maraqlı, yaddaqalan tamaşalar hazırlandı. Teatr dəfələrlə Azərbaycanın Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və s. rayonlarında qastrol səfərində oldu, festivallarda çıxışları ilə fərqləndi. Sumqayıt teatrının baş rejissoru, əməkdar artist Firuddun Məhərrəmov C.Məmmədquluzadənin "Danabaşlılar" monimental tragikomediyası, C.Cabbarlının "Aydın" dramı, xalq artisti Valeh Kərimovun quruluşunda "Niyə dirilmisən" komediyası, istedadlı rejissor Şahmar Qəriblinin quruluşunda C.Məmmədquluzadənin "Kişmiş oyunu", S.S.Axundovun "Eşq və İntiqam" faciəsi teatrın uğurlu tamaşalarındadır.
16 dekabr 1999-cu il Füzuli Dövlət Dram Teatrı Azərbaycan Teatrının yaranmasının 125 illiyi münasibətilə Bakı şəhərində keçirilən "Milli klassika festivalı”nda C.Cabbarlının "Aydın” tamaşası ilə uğurla çıxış etdi və festivalın diplomuna, xatirə hədiyyəsinə layiq görüldü.
2000-cü il aprel ayının 3-də Füzuli Dövlət Dram Teatrı Bakıda TXİ-nın keçirdiyi " Üfüq XXI” Mono tamaşalar festivalında N.Vəzirov "Dərvişin harayı” və C.Bekket "Krepin sonuncu lent yazısı” mono tamaşaları ilə çıxış etdi.
2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonun Horadiz qəsəbəsinə qayıtdı.Teatr Mədəniyyət Nazirliyinin və Füzuli rayon İcra Hakimiyyətinin razılığı ilə Horadiz qəsəbəsi mədəniyyət evinə köçürüldü. Teatr A.P.Çexovun "Ayı”, L.Rəşidzadənin "Toya bir gün qalmış”, yeni quruluşda S.Axundovun "Bəndalı bəndə düşüb”, A.Şaiqin "Bir saat xəlifəlik”, R.Tomanın "Tələ”, C.Məmmədquluzadə "Kamança”, T.Məmmədov "Ana abidəsi”, C.Məmmədov və F.Məhərrəmovun "Sevməyə vətən yaxşı”, S.M.Qənizadənin "Nəbəkar qonşu”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, A.Səfərlinin "Qarabağım qan ağlar”və s. tamaşalar hazırlayıb.
2007-ci ildə teatr Bakı şəhərində Teatr Xadimlər İttifaqının təşkil etdiyi Milli Teatr festivalında S.Axundovun "Bəndalı bəndə düşüb” tamaşası ilə çıxış etdi. 4 iyun 2010-cu il 4 iyun tarixində "Sərgüzəşti Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalında "Hacı Qara” tamaşası ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Teatr iştirakına görə festivalın xatirə hədiyyəsinə və diploma layiq görülüb.
Azərbaycan Mədəniyyət və Turizm Nazirinin 20 fevral 2015-ci il tarixli 89 nömrəli əmrinə əsasən Horadiz Mədəniyyət sarayı əmlakı ilə birlikdə Füzuli Dövlət Dram teatrının balansına verilib.
Bu gün teatr əsaslı təmirdən çıxan binada göstərir. Teatrın direktoru əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, baş rejissoru əməkdar artist Asif Şirinov, Baş rəssamı Ellinaz Balaşova, quruluşçu rejissoru Nicat Mirzəzadə, ədəbi hissə müdiri Əfsanə Kərimova, musiqi hissə müdiri Nizami Süleymanov, Truppa müdiri Zamin Quliyevdir. Son illərdə teatr repertuarda çox dəyərli əsərlərə səhnə həyatı verib. M.F.Axundzadə “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” ,İ.Əfəndiyev "Unuda bilmirəm”, S.Dağlı "Oyun bitdi”, Q.Rəsulov "Məhəbbət oyunu”, Y.Əzimzadə "Nəsrəddin”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, S.S.Axundov "Tamahkar”, "Şahsənəm və Gülpəri”, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər”, “Hacı Qəmbər”, H.Mirələmov "Vicdanın hökmü”, “Xəcalət” Ə.Əmirli "Onun iki qabırğası”, Ş.Tofiqqızı "Taleyin bir üzü”, R.Əlizadə “Dünyanın axırı”, E.Abdullayeva “Ağ qayıq”, S.S.Axundov “Eşq və intiqam”,N.Vəzirov “Müsibəti-Fəxrəddin” A.Həsənoğlu “Yaddaş” Elçin “Qatil” Ş.Qurbanov “Olmadı elə oldu belə”, “Özümüz bilərik” və s.
Teatr yenidən Füzuli rayonunda öz əzəli teatr binasında fəaliyyət göstərəcəyi günü səbrsizliklə gözləyir.