Bağla

Füzuli rayon Xalq teatrının tarixi

16-11-2021, 15:56

Məktəbdə oxuduğum illərdə məndə incəsənətə, xüsusən teatra xüsusi maraq vardı. O zamanlar qədim Sarabski adına  Qaryagin Dövlət teatrının binasında (1953-cü ildə dövlət teatrı bağlandıqdan sonra) həmin bina 1976-cı ilədək mədəniyyət evi idi, axşamlar orda xalq teatrı maraqlı tamaşalar oynayırdı,  mən çöldən o səsi eşidirdim. Birdən loja deyilən yerdə pəncərənin şüşəsinin  birinin olmadığını gördüm və cəsarət edib o kiçik pəncərədən içəri keçdim. Səhnənin rəngbərəng işıqları, aktyor oyunu məni ovsunlamışdı. Səid Rüstəmovun  “5 manatlıq gəlin” tamaşası oynanılırdı. Səfər İbrahimov, Mələksima Həsənova, Allahyar Əliyev və başqaları şövqlə oynayırdılar. 

Sonralar orta məktəb, hərbi xidmət doğma rayonuma qayıdış və uşaqlıq həvəsi məni yeni inşa olunmuş mədəniyyət evinə gətirdi. 1976-cı ildə  yeni bina tikildiyindən xalq teatrı bura köçürülmüş, Sarabski teatrının binası müəllimlər evi kimi fəaliyyət göstərirdi. 

İlk qarşılaşdığım Kəmaləddin Məmmədov, Asif Şirinov, Arif Qurbanov, Hökümə Əliyeva, Nizami Əliyev, Allahyar Əliyev, Səfər İbrahimov və başqaları oldu.  Səmimi söhbət, o vaxtlar xalq teatrında Sabit Rəhmanın “Toy” tamaşası  istər mərkəzdə, istərsə də rayonun kəndlərində çox uğurla oynanılırdı. Arif  Məmmədov (Kərəmov), Mələksima Həsənova (Zalxa), Kəmaləddin Məmmədov (Dəmirçi Musa), Allahyar  Əliyev, Səfər İbrahimov, Elxan Quliyev obrazını çox ustalıqla oynayırdılar və məni də o tamaşaya Kəmaləddin və  Arif dəvət etmişdi. Kəmaləddin  Məmmədovun boriton səslə Dəmirçi Musa obrazında  “Aç bu sevda kəməndini mənim boynumdan, Zalxa”  sözünün əks sədası indi də qulağımdadır.  Yavaş-yavaş xalq  teatrına  getməyə başladım.  Və sonra rejissor Adışirin Əliyev  Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” operasını tamaşaya qoydu. Məndə orda kütləvi səhnədə rol aldım. Rəhmətlik Məmməd Cavadov (dahi Üzeyir bəyin tələbəsi) xor üzərində çalışırdı.  Bizimlə, kollektivlə yavaş-yavaş isinişirdim. Həmin tamaşa Bakıda aktyor evində çox uğurla oynanıldı. Xalq  artistləri  Şəmsi Bədəlbəyli, Gülxar Həsənova, Arif Babayev, Baba Mahmudoğlu tamaşaya çox yüksək qiymət verdilər. Kərəm (Eldar Novruzov), Əsli (Nüşabə Hüseynova) Qara keşiş (Səfər İbrahimov) və Ramiz Əliyev (tar), Əhməd (kamança), İsfəndiyar (nağara) bütün  partiyaları uğurla ifa edirdilər. Kütləvi səhnələrdə Fatma Əhmədova, İntizar Quliyeva, Tofiqə Məmmədova, Qaragöz Paşayeva  və başqaları iştirak edirdilər. Rayona qayıdandan sonra Kəmaləddin Məmmədov Alıkişi Səfərlinin “ Gecə bayquşları” əsərini tamaşaya qoydu və məni də kolxoz sədri roluna təsdiq etdi. Bu tamaşa da uğurlu alındı. Kəmaləddin özü həmin əsərdə kosa Səfər rolu ifa edirdi. Tamaşa rayonun bütün təsərrüfatlarında uğurla qarşılandı. Zülfüqar Hacıbəyovun “50 yaşında cavan” operasında  Kəmaləddin tərəf müqabili olduq.  
Yaxşı yadımdadır, rayon rəhbərliyinin baxdığı tamaşada işıqlar  qəfil söndü. Biz mahnıları təbii səslə ifa etdik. Bir şeyi xüsusilə vurğulamaq istəyirəm ki, xalq teatrında tamaşaya qoyulan bütün əsərlər rayonun bütün kəndlərində,  o cümlədən mərkəzdə çox uğurla oynanılırdı. Sonradan Kəmaləddin Məmmədov Şuşa  mədəni maarif texnikomuna müəllim təyin olundu. O zamanda Şuşa mədəni həyatında, dövlət teatrının və xalq teatrının yaranmasında mühüm rol oynadı. Elxan Mədəniyyət və İncəsənət universitetinə müəllim, Ariflə Hökümə isə ailə həyatı qurub xalq teatrından ayrıldılar.  

Rayonda isə xalq teatrı bazasında Dövlət teatrı yaranması zərurəti yaranmışdı. Adlarını çəkdiyim və çəkə bilmədiklərim aktyorların zəhməti bahasına nəhayət rayonda Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyul 1989-cu il tarixli 292 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 3459/1 saylı əmri ilə 1989-cu il avqust ayının 04-də Füzuli Dövlət Dram Teatrı yarandı və bir əsrlik yaşı olan qədim Sarabski teatrının binası onun sələfi olan Füzuli teatrının ixtiyarına verildi. İndi  şirin xatirəyə dönmüş cavanlıq çağlarımızda dağ şəlaləsi kimi çağlayan  Füzuli rayon xalq teatrında çalışdığımız o illərə və o aktyor-dostlara minnətdaram.

Hörmətlə, Vaqif Vəliyev - Füzuli Dövlət Dram teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi