Bağla

Vaqif Vəliyev: Prezidentin diqqət və qayğısı teatr işçilərini yaradıcılığa daha da ruhlandırır

04-03-2019, 16:17
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, onların qayğıları ilə maraqlanması, fikirlərini dinləməsi cəbhə bölgəsində fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən də rəğbətlə qarşılanıb.
 
Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Füzuli Dövlət Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev deyib.
 
O qeyd edib ki, respublikamızda digər sahələrdə olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də böyük nailiyyətlər qazanılır. Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında böyük rol oynayan Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. 1993-cü ildən köçkünlük həyatı yaşayan Füzuli Dövlət Dram Teatrı bu gün əsaslı təmir olunan Horadiz şəhər mədəniyyət sarayında fəaliyyət göstərir və zəngin ənənələrini davam etdirir.
 
"Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimləri ilə görüşündə səslənən təkliflərdən biri də teatr işçilərinin əməkhaqlarının artırılması ilə bağlı idi. Dövlətimizin başçısı görüş zamanı səslənən bütün təkliflərin təhlil olunması və həll edilməsi üçün tapşırıqlar verdi. Mədəniyyət və incəsənət sahəsinə olan bu yüksək diqqət və qayğı biz teatr işçilərini sevindirir, yaradıcılığa daha da ruhlandırır. Bu diqqət və qayğıya görə kollektivimiz adından Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə Vaqif Vəliyev qeyd edib.