Füzuli Dövlət Dram Teatrında yeni – XXXVII teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin toplantısı keçirilib.
Toplantıda teatrın qarşısında duran əsas vəzifələr, yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq layihələri, kollektivin qarşıdakı fəaliyyət istiqamətləri və teatr sənətinin inkişafına töhfə verəcək yeni təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Füzuli Dövlət Dram Teatrının direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Azər Abbasov kollektivi yeni teatr mövsümünün başlanması münasibətilə təbrik edib. O, ötən mövsüm ərzində teatr kollektivinin gördüyü işlərə və əldə etdiyi nailiyyətlərə diqqət çəkərək, yaradıcı heyətin fəaliyyətini yüksək qiymətləndirib.
Azər Abbasov bildirib ki, yeni mövsüm teatr kollektivi qarşısında daha böyük yaradıcılıq məqsədləri və məsuliyyətli vəzifələr qoyur. Qarşıdakı dövrdə repertuarın zənginləşdirilməsi, tamaşaların bədii və peşəkar səviyyəsinin daha da yüksəldilməsi, yaradıcı heyətin potensialından səmərəli istifadə olunması və tamaşaçı auditoriyasının genişləndirilməsi istiqamətində bir sıra mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulur. Yaradıcı heyətə yeni mövsümdə uğurlar, yaradıcılıq axtarışlarında yeni nailiyyətlər və məhsuldar fəaliyyət arzulayıb.
Toplantı zamanı Füzuli Dövlət Dram Teatrının 36-cı teatr mövsümündə həyata keçirdiyi fəaliyyətə və əldə etdiyi nailiyyətlərə qısa nəzər salınıb. Ötən mövsüm ərzində nümayiş etdirilən tamaşalar, keçirilən mədəni-kütləvi tədbirlər, müxtəlif əlamətdar və tarixi günlərlə bağlı hazırlanan səhnə proqramları, eləcə də kollektivin yaradıcılıq fəaliyyəti diqqətə çatdırılıb.
Daha sonra teatrın şöbə müdirləri çıxış edərək yeni mövsümdə görülməsi nəzərdə tutulan işlər, qarşıya qoyulan məqsədlər və fəaliyyət planları barədə məlumat veriblər. Çıxışlarda teatrın yaradıcılıq potensialının daha da inkişaf etdirilməsi, kollektiv daxilində əməkdaşlığın gücləndirilməsi, tamaşaların yüksək peşəkarlıq səviyyəsində hazırlanması və teatrın uğurlarının daha da artırılması istiqamətində görüləcək işlərdən bəhs olunub.
Toplantıda vurğulanıb ki, yeni teatr mövsümü yaradıcılıq baxımından mühüm yeniliklərlə yadda qalmalıdır. Kollektivin hər bir üzvünün üzərinə düşən vəzifəyə məsuliyyətlə yanaşması, yaradıcı təşəbbüslərin dəstəklənməsi və peşəkar fəaliyyətin davam etdirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir.
Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yeni – XXXVII teatr mövsümünü dünya dramaturgiyasının ən möhtəşəm əsərlərindən biri Vilyam Şekspirin “Maqbet” tamaşası ilə açmağı planlaşdırır.