Füzuli Dövlət Dram Teatrında Azərbaycanın Milli Qəhrəmanı Seymur Məmmədovun anım günü ilə əlaqədar tədbir keçirilib. Öncə Azərbaycanın azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev qəhrəmanın həyat və döyüş yoluna nəzər salıb.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova, Müdafiə Nazirliyinin əməkdaşı Mirqiyas Rüstəmov qəhrəmanın xatirəsin ehtiramla anıb, xalqımızın hər zaman şəhidlərimizin adlarını, xatirələrini uca tutduqlarını və dərin ehtiramla yad etdiklərini bildiriblər.
Çıxışlardan sonra Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Milli Qəhrəmanlar" silsiləsindən "Salnaməfilm" studiyası tərəfindən çəkilən, Seymur Məmmədovun xatirəsinə həsr olunmuş "Qartal yuvası" filmindən fraqment təqdim olunub.
Sonda isə A.Həsənoğlunun "Yaddaş" tamaşası nümayiş olunub.Tamaşanın quruluşu rejissoru əməkdar artist Asif Şirinov, quruluşu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadədir.
Tamaşada əsas rolları Qorxmaz Qarayev, İntizar Quliyeva, Sehran Xanlarov, Sevinc Məmmədova, Gülnar Quliyeva, Emin Abışov, Vüqar Babayev, Qəlbinur Əhmədli ifa ediblər.