Bağla

Milli Teatr Günü münasibətilə Füzuli Dövlət Dram Teatrında təntənəli tədbir təşkil olunub

10-03-2026, 15:53

10 mart – Milli Teatr Günü münasibətilə Füzuli Dövlət Dram Teatrında təntənəli tədbir təşkil olunub. Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun mədəniyyət işçiləri və teatr kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev teatr kollektivini 10 mart – Milli Teatr Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında Füzuli Dövlət Dram Teatrının zəngin fəaliyyətindən bəhs edərək bildirib ki, teatr kollektivi ölkəmizin çətin dövrlərində belə fəaliyyətini davam etdirərək hər zaman xalqın mədəni həyatında mühüm rol oynayıb və tamaşaçıların mənəvi dünyasının zənginləşməsinə öz töhfəsini verib.

Rayon rəhbəri həmçinin Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə, xüsusilə də teatr sənətinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Qeyd olunub ki, bu siyasət bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə mədəniyyətin, o cümlədən teatr sənətinin inkişafına xüsusi diqqət yetirilir.

Daha sonra teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edən Azər Abbasov çıxış edərək dövlət tərəfindən teatr sahəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O qeyd edib ki, Füzuli Dövlət Dram Teatrı kollektivi bundan sonra da daha böyük əzmlə çalışaraq Azərbaycan teatr sənətinin inkişafına öz töhfəsini verməyə davam edəcək.

Tədbirin bədii hissəsində görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Kəvakib” tamaşası nümayiş olunub.

Tamaşada əsas rolları Emin Abışov, Asif Şirinov, Qorxmaz Qarayev, Sevinc Məmmədova, Əli Hüseynov, Elçin Məmmədov, Zamin Quliyev, Vüsal Həsənov, Qəlbinur Əhmədli, Vüqar İsmayılov və b. ifa edib. Tamaşanın quruluşçu rejissoru Abdulla Elşadlı, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Şəms Kazımzadədir. 

Tamaşa iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən bir qrup teatr əməkdaşına mədəniyyət sahəsində səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanlar təqdim olunub. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.