Bağla

Füzuli teatrında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

19-11-2026, 12:37

Füzuli Dövlət Dram Teatrında Uşaq Hüquqları Aylığı çərçivəsində Azərbaycan xalq nağılı əsasında hazırlanmış “Tıq-tıq xanım” tamaşası nümayiş olunub.

Tamaşada şəhid və qazi övladları, eləcə də məktəblilər iştirak ediblər. Tədbirin qonaqları arasında Füzuli Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ülkər Bayramlı da olub.

Balaca tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri sevgi, dostluq, mehribanlıq, xeyirxahlıq və qarşılıqlı anlaşma kimi mühüm mənəvi dəyərləri özündə əks etdirib.

Tamaşanın əsas süjet xətti özünə dost axtarmaq üçün yola çıxan Tıq-tıq xanımın başına gələn maraqlı hadisələr üzərində qurulub. Səyahəti zamanı müxtəlif obrazlarla qarşılaşan qəhrəman dostluğun yalnız xoş sözlərdən deyil, səmimiyyətdən, qayğıdan, qarşılıqlı hörmət və anlayışdan ibarət olduğunu dərk edir.

Ənənəvi xalq nağılının əsas məzmunu qorunmaqla hazırlanan səhnə əsərinə quruluşçu rejissor tərəfindən yeni obrazlar və maraqlı səhnə hadisələri əlavə olunub. Yumoristik epizodlar, şən dialoqlar, musiqi və rəqslərlə zənginləşdirilən tamaşa balaca izləyicilərə xoş anlar yaşadıb.

Tamaşanın sonunda Tıq-tıq xanımla siçanın barışması dostluğun, sülhün və mehribanlığın hər cür qarşıdurmadan üstün olduğunu nümayiş etdirib.

Səhnə əsəri uşaqlara fərqlilikləri qəbul etməyin, bir-birini anlamağın, bağışlamağın və çətin anlarda qarşılıqlı dəstək göstərməyin əhəmiyyətini çatdırıb. Tamaşa balaca tamaşaçıları dostluğa, səmimiyyətə və xeyirxahlığa səsləyən maraqlı səhnə nümunəsi kimi yadda qalıb.

Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Murad Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti isə Gülgəz Soltanovadır.

Tamaşada rolları Xurşud Babayeva, Qəlbinur Əhmədli, Sahilə Abbasova, Gülnar Quliyeva, Günay Çobanzadə və Vüqar İsmayılov canlandırıblar.