Füzuli rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərin təşkilində, eləcə də Füzuli Dövlət Dram Teatrı tərəfindən hazırlanmış “Zəfərin İmzası” adlı bədii-ədəbi kompozisiyanın ərsəyə gəlməsində yaxından iştirak edən mədəniyyət işçiləri ilə görüş keçirilib.
Görüşdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi Füzuli rayonu komitəsinin sədri Anar Ağayev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərov, Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova, Füzuli Dövlət Dram Teatrının director v.m.i.e Azər Abbasov və Füzuli Dövlət Dram Teatrının əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasında mədəniyyətin hər zaman xüsusi yer tutduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndərin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin təbliği və mədəniyyət sahəsinin inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Çıxışda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, tarixi-mədəni irsimizin qorunması və zənginləşdirilməsi istiqamətində gördüyü işlərin xüsusi əhəmiyyəti qeyd olunub.
Rayon rəhbəri, həmçinin Füzuli rayonunda mədəniyyət sahəsinin inkişafı, mədəniyyət müəssisələrinin fəaliyyətinin canlandırılması, milli-mənəvi dəyərlərin və zəngin tarixi irsin təbliği istiqamətində görülən işlərdən danışıb.
Qeyd edib ki, işğaldan azad olunmuş Füzuli torpaqlarında mədəni həyatın yenidən canlandırılması, mədəniyyət ocaqlarının fəaliyyətinin bərpası və rayonun mədəni potensialının inkişafı qarşıda duran mühüm vəzifələrdəndir. Bu istiqamətdə mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşür.
“Zəfərin İmzası” bədii-ədəbi kompozisiyasının əhəmiyyətinə toxunan rayon rəhbəri belə tədbirlərin Zəfər tariximizin gələcək nəsillərə çatdırılmasında, milli ruhun və vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynadığını bildirib, bu işdə əməyi olan kollektivin fəaliyyətini yüksək qiymətləndirib.
Daha sonra Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Füzuli rayon Komitəsinin sədri Anar Ağayev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə nümayəndəsi Elşad Cəfərov, Füzuli Dövlət Dram Teatrının direktor vəzifəsini icra edən Azər Abbasov, Füzuli Rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Kərimova və teatrın əməkdaşları çıxış ediblər.
Çıxış edənlər göstərilən diqqət və qayğıya, əməyin yüksək qiymətləndirilməsinə görə dövlətimizin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Qeyd ediblər ki, bundan sonra da üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcək, rayonun mədəni həyatının zənginləşdirilməsi, milli-mənəvi dəyərlərin və Zəfər tariximizin təbliği istiqamətində əzmlə çalışacaqlar.
Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə keçirilən tədbirlərin təşkilində və “Zəfərin İmzası” bədii-ədəbi kompozisiyasının hazırlanmasında fəallıq göstərən mədəniyyət işçiləri Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunublar. Həmçinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Füzuli rayon Komitəsi tərəfindən teatr əməkdaşlarına pul mükafatları təqdim edilib.