Bu gün Füzuli Dövlət Dram Teatrı Füzuli Rayon Horadiz şəhər Muğam Mərkəzində Failə Nəbiyevanın “Bu gün ölmək qadağandır” komediyası əsasında hazırlanmış tamaşa ilə çıxış edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı isə Sənan Sevindikzadədir.
Tamaşada obrazları İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Vüqar Babayev, Gülgəz Soltanova, Asif Şirinov, Günay Çobanzadə, Sahilə Abbasova, Vüsal Həsənov və Elçin Məmmədov canlandırıblar.
Əsər milli-mənəvi dəyərlər, adət-ənənələr və gənclərin xoşbəxtlik arzusu fonunda cərəyan edən maraqlı, yumorla zəngin hadisələri əks etdirir. Tamaşanın mərkəzində bir-birini sevən iki gəncin ailə qurmaq arzusu dayanır. Lakin onların xoşbəxtliyə gedən yolu gözlənilməz maneələrlə qarşılaşır. Gənclərin arzularının dəfələrlə yarımçıq qalması hadisələrin həm komik, həm də düşündürücü məcrada inkişafına səbəb olur.
Yumorla həyat həqiqətlərinin vəhdət təşkil etdiyi tamaşa izləyicilərə xoş əhval-ruhiyyə bəxş etməklə yanaşı, ailə dəyərləri, qarşılıqlı anlaşma, sevgi və böyüklərin xeyir-duasının əhəmiyyəti barədə də mühüm mesajlar verir.
Tamaşa tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, nümayiş boyu zalda xoş ovqat və yüksək əhval-ruhiyyə hökm sürüb.