Bu gün Füzuli Dövlət Dram Teatrında iclas keçirilib.
Toplantının əsas məqsədi 2025-ci ilin fəaliyyətinə geniş və əhatəli nəzər salmaq, əldə olunan nailiyyətləri dəyərləndirmək, qarşıda duran vəzifələri müəyyənləşdirmək və 2026-cı il üçün nəzərdə tutulan planları müzakirə etmək idi.
Eyni zamanda iclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən struktur islahatları, yeni ştat cədvəllərinin işlənib hazırlanması və təsdiqlənməsi məsələləri diqqət mərkəzində oldu. Qeyd edildi ki, bu yeniliklər teatrların daha çevik, səmərəli və müasir idarəetmə prinsipləri əsasında fəaliyyət göstərməsinə xidmət edir.
İclası teatrın direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Azər Abbasov açaraq, 2025-ci ilin yaradıcı və təşkilati fəaliyyətinə geniş təhlili baxış təqdim etdi. O, ötən il ərzində səhnəyə qoyulan tamaşaları, regionlara təşkil edilən qastrol səfərlərini, keçirilən tədbirləri və kollektivin qazandığı uğurları xüsusi vurğuladı. Bildirdi ki, hər bir uğurun arxasında teatr kollektivinin birgə zəhməti, səhnəyə və sənətə olan sədaqəti dayanır.
Daha sonra Azər Abbasov qarşıda duran vəzifələrdən söz açaraq 2026-cı il üçün planlaşdırılan yeni tamaşalar, yaradıcılıq layihələri və təşkilati yeniliklər barədə məlumat verdi. O, struktur dəyişikliyi ilə əlaqədar olaraq yeni şöbə müdirlərini kollektivə təqdim etdi, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzuladı. Çıxışında vurğuladı ki, yeni təsdiq edilmiş əsasnamələr teatrın fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edəcək. Bu yeniliklərin kollektivin daha koordinasiyalı və məqsədyönlü çalışmasına şərait yaradacağı xüsusi qeyd olundu.
Eyni zamanda "Azərbaycan Mədəniyyəti -2040 Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası " nın təsdiq edilməsi haqqında Prezidentin Sərəncamı kollektiv üzvlərinin diqqətinə çatdırılıb.
Bildirildi ki, bu mühüm sənəd ölkəmizdə mədəniyyət sahəsinin uzunmüddətli inkişaf strategiyasını müəyyən edir, milli-mənəvi dəyərlərin qorunması və dünya mədəni məkanında daha fəal təmsil olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra yaradıcı şöbənin müdiri Nicat Mirzəzadə çıxış edərək qarşıdakı yaradıcılıq planları barədə ətraflı məlumat verdi, repertuar siyasətinin zənginləşdirilməsi, yeni səhnə əsərlərinin hazırlanması və tamaşaçı auditoriyasının genişləndirilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırdı. Onun ardınca digər şöbə müdirləri də çıxış edərək öz sahələri üzrə plan və təkliflərini bölüşdülər, qarşıda duran vəzifələrin icrası ilə bağlı fikirlərini səsləndirdilər.
Səmimi və işgüzar mühitdə keçən iclas qarşılıqlı fikir mübadiləsi ilə yadda qaldı. Sonda kollektiv xatirə şəkli çəkdirərək bu əlamətdar görüşü yaddaşlara həkk etdi.
Toplantı bir daha göstərdi ki, Füzuli Dövlət Dram Teatrı öz zəngin ənənələrinə sadiq qalaraq yenilənmə və inkişaf yolunda inamla irəliləməkdədir.