Bağla

Vaqif Vəliyev AzərTAc-a müsahibə verib

10-02-2015, 12:24

Son illərdə Horadiz şəhəri də daxil olmaqla Füzuli rayonunda geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, yeni qəsəbələr salınıb, ümumtəhsil məktəbləri, uşaq bağçaları, tibb və mədəniyyət ocaqları tikilib, mühüm infrastruktur layihələri icra edilib. Rayonda gedən bu inkişafın kontekstində mədəni həyatın, o cümlədən teatrın inkişafı diqqəti cəlb edir.

Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev AzərTAc-a eksklüziv müsahibəsində teatrın tarixi, uğurları, müharibə dövründə qarşılaşdığı çətinliklər və müasir fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

- Azərbaycan teatrı uzun və şərəfli tarixi bir yol keçib. Füzuli Dövlət Dram Teatrının tarixi ilə bağlı nə deyə bilərsiniz?

-Füzuli bölgəsinin zəngin teatr ənənəsi var. Hələ XX əsrin əvvəllərində- 1913-1914-cü illərdə Qaryagin Musiqili Dövlət Dram Teatrı yaranıb. Bu teatrın səhnəsində Seyid Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, Sidqi Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdullayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oqtay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı, Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişib. Onlar əvəzedilməz obrazlar qalereyası ilə teatr səhnəsində böyük iz qoyublar.
 

Teatr 1940-1953-cü illərdə ustad sənətkar Hüseynqulu Sarabskinin adını daşıyıb. H.Sarabski öz sevimli "Məcnun” rolunu Qaryagin Musiqili Dövlət Dram Teatrının səhnəsində dəfələrlə oynayıb.

1953-cü ildə teatr bağlansa da, öz fəaliyyətini xalq teatrı formasında davam etdirib.Ürəkləri sənət eşqi ilə yanan aktyorlar xalq teatrı yaratmaqla sənət yolunu davam etdiriblər. Teatr Azərbaycan SSR Nazirlər Sovetinin qərarı və Mədəniyyət Nazirliyinin əmri ilə 1989-cu il avqust ayının 4-də Füzuli Dövlət Dram Teatrı adı ilə yenidən fəaliyyətə başlayıb.

- Füzuli Dövlət Dram Teatrı yarandıqdan sonra burada hansı tamaşalar səhnələşdirilib?

-Teatrımız indiyədək öz tamaşaçılarına M.F.Axundzadənin "Hacı Qara”, İ.Əfəndiyevin "Unuda bilmirəm”, "Bahar suları”, V.Şuksin "Diribaş adamlar”, S.Səxavətin "Qapıların o üzündə qalan dünya”, S.S.Axundovun "Eşq və İntiqam”, S.Rəhmanın "Toy”, L.Rəşidzadənin "Toya bir gün qalmış”, M.Qacarın "Qabanın səfəri”, A.Məmmədovun "Həmyerlilər”, "Kişilər”, Ə.Haqverdiyevin "Dağılan tifaq”, A.P.Çexovun "Təklif”, N.B.Vəzirovun "Sonrakı peşmançılıq fayda verməz” və s. tamaşalarını təqdim edib.

-1990-cı illərin əvvəllərində Qarabağda baş verən hadisələr, Ermənistanın torpaqlarımıza təcavüzü teatrın fəaliyyətinə necə təsir göstərib?

-1992-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən rayona ardı-arası kəsilməyən hücumlar edildiyindən teatr öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində, 1993-cü il avqustun 23-də Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq isə Sumqayıt Dövlət Dram Teatrının yerləşdiyi S.Vurğun adına mədəniyyət sarayında davam etdirib. Məcburi köçkünlük həyatına baxmayaraq, Sumqayıtda olduğumuz 10 il müddətində teatrda 40-dan çox maraqlı, yaddaqalan tamaşalar hazırlanıb. Teatr dəfələrlə Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və digər rayonlarda qastrol səfərlərində olub. 2003-cü ilin noyabr ayında teatr yenidən Füzuli rayonuna qayıdaraq Horadiz qəsəbə mədəniyyət evində fəaliyyətini davam etdirib.

-Bəlkə bir qədər də teatrın rayonun hüdudlarından kənarda qazandığı uğurlar barədə danışaq...

- Məmnuniyyətlə. Teatrımız müxtəlif festivallarda həmişə uğurla çıxış edib. Füzuli Dövlət Dram Teatrı 1999-cu ildə Azərbaycan Teatrının yaranmasının 125 illiyi münasibətilə keçirilən "Milli klassika festivalı”nda C.Cabbarlının "Aydın” tamaşası ilə çıxış edərək xatirə hədiyyəsinə layiq görülüb. 2007-ci ildə teatr Bakı şəhərində Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi milli teatr festivalında S.Axundovun "Bəndalı bəndə düşüb” tamaşası ilə, 2010-cu ildə Mingəçevirdə keçirilən milli teatr festivalında "Hacı Qara” tamaşası ilə çıxış edərək xatirə hədiyyəsi və diploma layiq görülüb. Azərbaycan Prezidentinin 2013-cü il 25 iyun tarixli Sərəncamı ilə teatrın direktoru Vaqif Vəliyevə "Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilib. Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi ilə əlaqədar Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova və Habil Hacıyev "Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunublar.

- Teatrın hazırkı və gələcək fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Teatr bu gün əsaslı təmir olunan Horadiz şəhər mədəniyyət sarayında fəaliyyət göstərir. Teatrın direktor müavini Habil Hacıyev, baş rejissor Asif Şirinov, baş rəssam Ellinaz Balaşova, ədəbi hissə müdiri Şəlalə Kərimovadır.

Teatrımızda 60-dan çox əsərə səhnə həyatı verilib. İ.Əfəndiyevin "Unuda bilmirəm”, S.Dağlının "Oyun bitdi”, Q.Rəsulovun "Məhəbbət oyunu”, Y.Əzimzadənin "Nəsrəddin”, İ.Məlikzadənin "Subaylarınızdan görəsiniz”, S.S.Axundovun "Tamahkar”, "Şahsənəm və Gülpəri”, N.B.Vəzirovun "Daldan atılan daş topuğa dəyər”, H.Mirələmovun "Vicdanın hökmü”, Ə.Əmirlinin "Onun iki qabırğası”, N.Vəzirovun "Hacı Qənbər”, H.Vəzirovun "Döymə qapımı, döyərlər qapını”, S.Rüstəmin "Gəldi-gedər”, E.Abdullayevanın "Ağ qayıq” Ş.Tofiqqızının "Taleyin bir üzü” tamaşaları teatrsevərlərə təqdim olunub. Teatr xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyi iləbağlı silsilə tədbirlər keçirib.

Hazırda teatrda R.Əlizadənin "Dünyanın axırı” əsərinin və Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan "Doğma Qarabağım, Xocalım mənim” adlı ədəbi-bədii kompozisiyanın son məşqləri gedir.

2015-ci ilin repertuarına Cəlil Məmmədquluzadənin "Kişmiş oyunu”, Süleyman Sani Axundovun "Eşq və İntiqam”, Əli Əmirlinin "Xoşbəxt gün” tamaşaları, M.Muxtarovun "Yuxunda görərsən” və R.Əlizadənin "Dünyanın axırı” tamaşaları daxil edilib.