Bağla

V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılışı keçirilib

05-11-2018, 16:23
Azərbaycan Dövlət Musiqili Teatrında V Beynəlxalq Bakı Teatr Konfransının rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Beynəlxalq Teatr İnstitutunun Prezidenti Məhəmməd Ələfxam, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, akademik Akif Əlizadə və bir sıra incəsənət xadimləri iştirak ediblər.

Konfransın açılışı əlillərin iştirakı ilə keçirilən tamaşa ilə başlayıb.

Ə.Qarayev bildirib ki, XXI əsrdə teatr fəaliyyətinin müzakirə olunacağı konfrans tək Azərbaycan üçün çox önəmli mövzu deyil: "Bu dünya teatr aləmində gedən proseslərin müzakirəsidir. Biz çox sevinirik ki, artıq beşinci dəfədir Azərbaycana dünyanın ən aparıcı teatr təşkilatının rəhbərləri və dünyanın teatr tədqiqatçıları və mütəxəssisləri təşrif buyurur. Konfrans iki gün davam edəcək, bundan sonra Azərbaycanda keçiriləcək Beynəlxalq Teatr Festivalı bu konfransın məntiqli davamı olacaq. Hesab edirəm ki, bir həftə müddətində Azərbaycanda teatr mövzusu olduqca böyük marağa səbəb olacaq".

Mərasim konfrans iştirakçılarının çıxışları ilə davam edib.