Oktyabrın 19-da Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet resursu - www.mct.gov.az saytının yenilənmiş versiyasının təqdimat mərasimi keçirildi.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Fuzuliteatr.az-a verilən məlumata görə, təqdimatla çıxış edən Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov saytın yeni versiyasının üstünlükləri, dizaynı, funksional imkanları barədə məlumat verdi. Bildirildi ki, nazirliyin hazırkı saytı 2007-ci ildən fəaliyyət göstərir və ötən müddətdə sayt bir sıra texnoloji yenilikləri, imkanları özündə əks etdirib. Bununla belə, zaman dəyişir, informasiya texnologiyaları sürətlə yenilənir. Bu baxımdan nazirliyin rəsmi internet resursunun yenilənmiş versiyası öz funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası, daha rahat istifadə imkanları ilə seçilir. Saytın əvvəlki versiyasında informasiya bazası kifayət qədər ağır idi və bu, saytdan istifadə sürətinə də təsir edirdi. Yenilənmiş versiyada informasiya tutumu nisbətən yüngülləşib. Müvafiq bölmələrdə zəruri informasiyalar verilməklə, daha təfərrüatlı informasiya alınması üçün keçidlər yerləşdirilib. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq sosial şəbəkələrə də keçidlər verilib.
Yenilənmiş saytın fərqləndirici cəhətlərindən biri də "Afişa" bölməsinin əhatəli, dolğun və sürətli keçid imkanları ilə təqdim olunmasıdır. Sayt üç dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərəcək. Dizaynda nazirliyin korporativ rənglərindən və loqolarından istifadə edilib. Qeyd edildi ki, müvafiq texniki-təşkilatı məsələlər həll edildikdən sonra www.mct.gov.az saytının yenilənmiş versiyası gələn həftədən istifadədə olacaq.
Mədəniyyət və Turizm Nazirliyi Texniki təchizat və proqram təminatı şöbəsi müdirinin müavini Qabil Abbasov nazirlikdə həyata keçirilən elektron xidmətləri haqqında məlumat verdi. Bildirdi ki, hazırda 12 xidmət üzrə fəaliyyət elektron formada həyata keçirilir. Nazirlik tərəfindən "Elektron Hökumət" portalı vasitəsilə turizm fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə lisenziyalar elektron formada verilir. Nazirliyin layihəsi olan elektron naviqator - GoMap.az xəritəsinə yeni xidmətlər inteqrasiya edilib. İlin sonunadək nazirliyin 147 çağrı xətti tam istifadəyə veriləcək.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aparılan struktur islahatlarının əhəmiyyətindən danışdı: "Bu gün dünyada gedən proseslər, informasiya texnologiyalarının inkişafı məlumatların qısa bir zamanda yayılmasını təmin edir. Bununla bağlı ölkəmizdə də müvafiq işlər görülür, "Elektron hökumət" portalı istifadəyə verilib. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz də bu sahədə öz işimizi günün müasir tələblərinə uyğun şəkildə qurmalıyıq. Ötən ilin axırlarında nazirlikdə islahatlar aparıldı və yeni şöbə yaradıldı. Bu gün yenilənmiş formada təqdim olunan sayt da həyata keçirilən struktur islahatlarının məntiqi nəticəsidir".
Əbülfəs Qarayev bildirdi ki, "Elektron hökumət" vasitəsilə 17 istiqamət üzrə xidmətin həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb: "Biz 12 xidmətin həyata keçməsini təmin etmişik. Qalan xidmətlərin də gələn ilin yayına kimi həyata keçirilməsini planlaşdırırıq".
Nazir elektron layihələr sırasında GoMap-ın işini xüsusi qeyd etdi. Qeyd olundu ki, Gürcüstan da bizim sistemimizə qoşulub. Türkiyədə də bu sistemdən yararlanmaq istəyir. Gün ərzində 17 mindən çox insan bu sistemdən yararlanır. Amma bu rəqəmi qat-qat artırmaq olar. Bunun üçün elektron layihələr daha geniş miqyasda tanıdılmalı, ictimaiyyətə çatdırılmalıdır.
Nazir görülən təqdirəlayiq işlərlə yanaşı, bu sahədə çatışmazlıqların da olduğunu vurğuladı. Bildirdi ki, müasir dövrdə informasiyaların daha düzgün və operativ şəkildə işıqlandırılması vacibdir: "Mədəniyyət və turizm sahəsində çalışan hər bir şəxs keçirilən tədbirin, görülən işin işıqlandırılmasına çalışmalıdır. Əgər keçirilən tədbir işıqlandırılmasa, deməli, o tədbir heç keçirilməmişdir".
Əbülfəs Qarayev elektron xidmətlər, informasiya təminatı, eləcə də nazirliyin yenilənmiş saytının gələcək fəaliyyəti ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi.