Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin mükafatları verilənlər arasında Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru, yaradıcı şöbənin müdiri Nicat Qərib oğlu Mirzəzadə də yer alıb.
Nicat Qərib oğlu Mirzəzadə 1991-ci il fevralın 14-ü İmişli rayonunda doğulub. Doğulduğu rayonda orta məktəbi bitirib (1997-2008). Orta məktəbi bitirdikdən sonra 2008 ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram rejissorluğu fakültəsinə qəbul olunub. 2012-ci ildə ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. 2012-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 2014-2021-ci illərdə C. Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram teatrında quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərib. Nicat Mirzəzadə 2022-ci ildən Füzuli Dövlət Dram Teatrında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə S.Haqverdiyeva "Nar şirəsi", A.Elşadlı "Tənhalığın evi", X.Əliyevin "Molla Nəsrəddin", S.Elsevər “Həyat elə bir oyun ki” Kamal Abdulla “Ruh” tamaşalarına quruluş verib. Quruluş verdiyi "Dönüş" və A.Elşadlının "Tənhalığın evi" tamaşaları ilə Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 4.4 Qısa Tamaşalar Festivalında çıxış edib. Eyni zamanda quruluş verdiyi A.Elşadlının “Tənhalığn evi” tamaşası “Bölgə Teatrlarının Bakı Premyeraları “ layihəsinə nümayiş olunub.
Ümumi fəaliyyəti:
C. Cabbarlı Adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı
D. Çizmeli – “Cümhuriyyətin ilk səadası” tarixi dram - quruluşçu rejissor;
Hidayət – İrəvanda xal qalmadı – Tarixi xronoloji dram – quruluşçu rejissor;
Hidayət – Ömürdən uzun gecə - Mistik dram – quruluşçu rejissor;
Yosef Bar Yosef – Qəliz adamlar – Psixoloji dram – quruluşçu rejissor;
Boris İoseleviç – Yeləncəkdə iki nəfər – Eşq dramı – quruluşçu rejissor;
Kobo Abe – İstehkam – Dram – quruluşçu rejissor;
Cəfər Cabbarlı – Vəfalı Səriyyə - Məişət dramı - quruluşçu rejissor;
İftixar – Qanlı qızıl toy – faciə - İkinci rejissor;
Sabir Şahtaxtı – Ölüm həsrəti – Faciə - quruluşçu rejissor;
Elçin – O da aşiq ola – Multikulturalizm – quruluşçu rejissor: (dövlət sifarişi);
İmir Məmmədli - Oğru və Doğru - Komediya - quruluşçu rejissor;
Elçin - Akvariuma sifariş - Mistik Dram - quruluşçu rejissor: (dövlət sifarişi).
Mingəçevir Dövlət Dram Teatrı
A.P.Çexov – Ayı – Komediya – Quruluşçu rejissor;
Xaqani Əliyev – Molla Nəsrəddin və Kosa, Keçəl – komediya - quruluşçu rejissor.
Demet Çizmelinin “Cümhuriyyətin ilk sədası” adlı pyesi əsasında quruluş verdiyi tamaşa Türkiyə Cümhuriyyətinin 17 şəhərində tamaşaçılara təqdim olunub. Müxtəlif diplom və mükafatlara layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Yazıçılar birliyinin nəzdində fəaliyyət göstərən Dramaturgiya şöbəsində “Səhnə” yaradıcılıq qurumunun məsul katibidir. Gənc yazar olaraq prezident təqaüdünə layiq görülüb. Hazırda Füzuli Dövlət Dram Teatrında quruluşçu rejissor, yaradıcı şöbənin müdiri vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.