Füzuli Dövlət Dram Teatrının Sabiq direktor müavini və aktyoru Habil Hacıyev vəfat edib. Teatr kollektivi mərhumun ölümündən kədərləndiyini bildirib və ailəsinə başsağlığı verib.
Habil Mirzə oğlu Hacıyev 1970-ci il mart ayının 28-də Füzuli rayon Qaradağlı kəndində anadan olub. 1990-1992-ci illərdə Zaqatala Politexnik Texnikomunu bitirib. 2001-2006-cı illərdə Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakultəsini bitirib. 1989-cu ildən teatrda aktyor kimi fəaliyyət göstərib. Eyni zamanda direktor müavini vəzifəsində çalışıb. Aktyor işlədiyi müddətdə S.Rəhman "Toy” Şeyda, C.Məmmədov "Günəş zindanda” Kamran, S.S.Axundov "Tamahkar” Qulu və Hacı saleh, M.Qacar "Qabanın səfəri” çaqqal, L.Rəşidzadə "Toya bir gün qalmış” Qulam, A.şaiq "Bir saat xəlifəlik” Malik İbn Səid, A.Məmmədov "Həmyerlilər” Gümüşov, A.P.Çexov "Təklif” Çubukov, C.Məmmədquluzadə "Kamança” Əziz , İ.Məlikzadə "Subaylarınızdan görəsiniz” Seyfi, A.Şaiq "Bir saat xəlifəlik”də qoca kişi və s. obrazları canlandırıb. 1993-cü ildən teatr xadimlər ittifaqının üzvü olub. Həmçinin Azərbaycan Peşəkar Milli teatrının 140 illik yubleyi ilə əlaqədar "fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.
Ailəlidir, 3 qız övladı var. Allah rəhmət eləsin!