Bağla

Füzuli teatrında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

01-06-2026, 18:27

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Füzuli Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Füzuli rayon təşkilatının birgə təşkilatçılığı, həmçinin Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə şəhid övladları üçün unudulmaz bayram tədbiri keçirilib.

"Qəhrəmanların əmanəti, bayramınız mübarək!" adlanan tədbirdə vətən naminə canından keçmiş qəhrəmanlarımızın övladlarına sonsuz sevgi və diqqət nümayiş etdirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

​Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev uşaqları əlamətdar gün münasibətilə ürəkdən təbrik edib. İcra başçısı vurğulayıb ki, Vətən uğrunda canını fəda edən şəhidlərimizin müqəddəs xatirəsi və qəhrəmanlığı xalqımızın qəlbində əbədi yaşayacaqdır:

​"Şəhidlərimizin bizə qoyub getdiyi əmanət onların övladları və ailələridir. Dövlətimiz, eləcə də cəmiyyətimiz hər zaman sizin yanınızdadır. Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, qazilərə və onların övladlarına göstərilən yüksək diqqət və qayğı hər birimiz üçün örnəkdir. Biz hər zaman sizin sevincinizə və kədərinizə ortaq olmağa hazırıq."

​Daha sonra çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva şəhid övladlarını bayram münasibətilə təbrik edərək qeyd edib ki, bu uşaqların hər biri Azərbaycanın gələcəyidir:

“Bu gün qarşımızda duran uşaqlar bizim qəhrəmanlarımızın balalarıdır. Onları hər zaman diqqət və qayğı ilə əhatə etmək, ən yüksək səviyyədə təhsil və tərbiyə almaları üçün şərait yaratmaq hər birimizin vətəndaşlıq borcudur.”

​Füzuli Dövlət Dram Teatrının direktoru Azər Abbasov isə belə bir tədbirə dəstəyindən və şəhid övladları ilə bir arada olmaqdan böyük şərəf duyduğunu bildirib:

“Bu gün Azərbaycanımız azad, bütöv və müstəqildirsə, biz bunu sizin qəhrəman atalarınıza borcluyuq. Dövlətimiz hər zaman şəhid ailələrinin problemləri ilə dərindən maraqlanır və bu diqqət daimidir.”

​​Rəsmi çıxışların ardından Füzuli Dövlət Dram Teatrının aktyorlarının ifasında uşaqlar üçün geniş və rəngarəng şou-proqram təqdim olunub. Səhnələşdirilmiş nağıl qəhrəmanlarının çıxışları uşaqların böyük marağına səbəb olub. Şəhid övladları musiqi sədaları altında rəqs edib, nağıllar aləminə səyahət edərək könüllərincə əyləniblər. Onların üzündəki təbəssüm tədbirin ən gözəl bəzəyinə çevrilib.

​Tədbirin sonunda uşaqların sevincini daha da artırmaq məqsədilə onlara müxtəlif bayram hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.