Bağla

Füzuli teatrında Nicat Mirzəzadənin Prezident mükafatına layiq görülməsi münasibətilə iclas keçirilib

08-05-2026, 15:46

Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib. Bununla bağlı ölkə başçısı İlham Əliyev Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin mükafatları verilənlər arasında Füzuli Dövlət Dram Teatrının quruluşçu rejissoru, yaradıcı şöbənin müdiri Nicat Qərib oğlu Mirzəzadə də yer alıb. Bununla əlaqədar Füzuli Dövlət Dram Teatrında geniş tərkibli iclas keçirilib.

İclasda Füzuli Dövlət Dram Teatrının direktoru vəzifəsini icra edən Azər Abbasov bildirib ki, ölkədə mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi uğurlu dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azər Abbasov qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması, teatr və incəsənət xadimlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər yaradıcı insanların daha böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərməsinə stimul verir. Teatr rəsmisi eyni zamanda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin teatr sənətinin inkişafına göstərdiyi diqqət və dəstəkdən də bəhs edib.

Sonra çıxış edən Nicat Mirzəzadə göstərilən diqqət və etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Mədəniyyət Nazirliyinə minnətdarlığını ifadə edib. O bildirib ki, bundan sonra da Azərbaycan teatr sənətinin inkişafı naminə fəaliyyətini davam etdirəcək.

Digər çıxış edənlər teatrının quruluşçu rejissoru, yaradıcı şöbənin müdiri Nicat Mirzəzadənin Prezident mükafatına layiq görülməsinin fərdi deyil, bütövlükdə Füzuli Dövlət Dram Teatrının uğuru olduğunu vurğulayıblar.

Sonda teatr kollektivi Nicat Mirzəzadəni təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.