Bağla

"Əməkdar mədəniyyət işçisi" Vaqif Vəliyevin doğum günüdür

21-11-2019, 09:56
Bu gün (21.11.2019) Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin 61 yaşı tamam olur. 

Vaqif Zülfü oğlu Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli rayonun Füzuli şəhərində sənətkar ailəsində anadan olub. O,1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun "Mədəni-maarif” fakultəsində ali təhsil almışdır.1981-1983-cü illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində çalışıb.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyir. 

Qeyd edək ki, bu il həmçinin Vaqif müəllimin teatrımızda direktorluq fəaliyyətinin 30 ili tamam olur. Bu gün onun haqqında, fəaliyyəti barədə yazı yazmaq həqiqətən maraqlıdır.Vaqif Vəliyevin yaradıcılığı da qibtə ediləcək qədər rəngarəngdir. O, teatr fəaliyyəti dövründə Cahangir Məmmədovun "Günəş zindanda”, Həsən Əsgərxanov "Pristav Həsənalı bəy”, S.Axundov "Bəndalı bəndə düşüb”, Altay Məmmədov "Kişilər”, Loğman Rəşidzadə "Toya bir gün qalmış” tamaşalarına quruluş vermiş həmçinin İlyas Əfəndiyevin "Unuda bilmirəm”də Kamran, Həsən Əsgərxanov "Pristav Həsənalı bəy”də Naçalnik, Cəlil Məmmədquluzadə "Danabaşlar”da Həsən kişi, Loğman Rəşidzadə "Toya bir gün qalmış”da Yaqub obrazlarını canlandırıb.

Vaqif bəy haqqında, onun fəaliyyəti barədə məlumat topladıqca bu insanın mübarizliyinə, vətənpərvərliyinə, sədaqət və mehribanlığına yaxşı mənada qibtə edirik. Mübarizlik, həyat eşqi, torpağa sevgi və başlıca olaraq, cəmiyyətimizə məhəbbət bu insanın sümüyünə işləyib. Bununla yanaşı olaraq dost cəfakeşliyini asanlıqla boynuna götürərək hər cür əzab-əziyyətə qatlanmaq kimi keyfiyyətləri qəlbində daşıyır. Vaqif bəy öz sənətinin vurğunudur.Onun ən böyük sevgisi teatrdı. O, teatrımızın uğur qazanması yolunda yorulmadı, bezmədi və sədaqətini bu gün də sürdürür. Bu gün Vaqif müəllimin yaşının üstünə bir yaş da gəldi. Hər ilin necə keçdiyini bəlkə də hiss eləmir. Hiss olunan odur ki, bu gün Vaqif bəyi sağlam düşüncəli gənclər sevir, dostları, sənət yoldaşları və hətta onun tanımadığı insanlar sevir.

Biz Füzuli Dövlət Dram teatrı kollektivi bu dəyərli insana ilk növbədə can sağlığı , əmin amanlıq, uzun mənalı ömür arzulayır və canı qədər sevdiyi Teatrı zirvələrdə görməyi Allahdan təvəqqə edirik.

Təbriklər, Vaqif müəllim.

Füzuli Dövlət Dram Teatrının kollektivi