Bağla

“Müstəqilliyə aparan yol” adlı poetik xalq faciəsi təqdim olundu - VİDEO

21-01-2016, 09:12

Füzuli Dövlət Dram teatrı 20 yanvar faciəsinin 26-ci il dönümünə həsr olunmuş "Müstəqilliyə aparan yol” adlı poetik xalq faciəsini "N” saylı hərbi hissənin əsgər və zabitlərinə təqdim edib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, "N” saylı hərbi hissə komandiri və şəxsi heyyəti iştirak edib.

Tədbiri açan teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev 20 yanvar faciəsinin xalqımızın müstəqilliyə aparan yolda şanlı bir səhifə olduğunu qeyd etdi.

Daha sonra çıxış edən rayon icra başçısı Alı Alıyev 20 yanvar faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. O, faciənin Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini və 20 yanvar şəhidlərinin xatirəsinin daima əziz tutuluğunu, onların ailələrinin daim ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd etdi.

"N” saylı hərbi hissənin zabiti İnterAz-a açıqlamasında bildirdi ki, bu faciə hərbi hissələrdə də hər il anılır, əsgər və zabitlərdə düşmənə nifrət, vətənə sevgi hissini aşılayır.

Qeyd edək ki, faciənin ssenari müəllifi Vaqif Vəliyev, Əfsanə Kərimova, quruluşçu rejissoru Asif Şirinovdur. Əsas rollarda İntizar Quliyeva, Əli Hüseynov, Sevinc Məmmədova, Sehran Xanlarov, Əsmər İbrahimova, Vaqif Rəhimov, Məryəm Məmmədova və başqaları çıxış edib.

Tamaşada faciə qurbanlarının - İlham və Fərizənin nakam məhəbbəti, İlqarın babasının ah-naləsi, məktəbli Larisanın anasının fəryadı ürəkləri riqqətə gətirib və faciəni törədənlərə qarşı tamaşaçılarda nifrət hissi oyadıb.