Bağla

Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

06-05-2026, 16:18

Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Füzuli rayon Heydər Əliyev Mərkəzinin və Füzuli Dövlət Dram Teatrının dəstəyi ilə “Ulu Öndər Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunub.

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Füzuli rayon Heydər Əliyev Mərkəzinin direktoru Şəhanə Rzaquluyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və mədəniyyətimizin inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən ətraflı bəhs edib. O qeyd edib ki, Heydər Əliyev mədəniyyəti xalqın mənəvi sərvəti kimi qiymətləndirir, bu sahənin inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edirdi.

Füzuli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülkər Bayramlı çıxışında Ulu Öndərin çoxşaxəli fəaliyyətindən söz açaraq onun mədəniyyət və incəsənət sahəsinə göstərdiyi diqqət və qayğının bu gün də öz bəhrəsini verdiyini vurğulayıb. O bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin siyasi kursu uğurla davam etdirilir, ölkəmizdə mədəniyyətin inkişafı, milli irsin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçirilir.

Füzuli Dövlət Dram Teatrının direktor səlahiyyətlərini müvəqqəti icra edən direktor müavini Azər Abbasov çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman mədəniyyət xadimlərinə xüsusi diqqət və qayğı göstərib, teatr sənətinin inkişafına böyük dəstək verib. O, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əsaslı dönüş yarandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər – Füzuli rayon Diyarşünaslıq Muzeyinin direktoru, Heydər Əliyev Mərkəzinin bələdçisi İlahə Cəfərova və teatrın əməkdaşı Aytac Rüstəmzadə öz çıxışlarında Ümummilli Liderin Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, milli irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətdən danışıblar. Qeyd olunub ki, Heydər Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqət nəticəsində milli-mənəvi dəyərlərimiz daha da möhkəmlənmiş, Azərbaycan mədəniyyəti beynəlxalq səviyyədə layiqincə təmsil olunmağa başlamışdır.

Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin zəngin irsi bir daha minnətdarlıqla yad edilib, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin əvəzsiz olduğu vurğulanıb.