Teatr-konsert müəssisələrinin mətbuatla əlaqələri müzakirə olundu
İyunun 28-də Milli Kitabxanada respublikanın teatr-konsert müəssisələrinin mətbuat xidməti və ədəbi dram hissə müdirləri, ictimaiyyətlə əlaqələrlə məşğul olan əməkdaşları ilə görüş keçirildi.
Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin və İncəsənət şöbəsinin əməkdaşları iştirak edirdi.
Vüqar Şixəmmədov görüşün mədəniyyət və turizm nazirinin tapşırığına əsasən keçirildiyini diqqətə çatdıraraq nazirliyin internet saytı barədə məlumat verdi və teatr-konsert müəssisələrinin saytla sıx əməkdaşlığının, yaradıcı fəaliyyətlərinin saytda operativ işıqlandırılmasının zəruriliyini vurğuladı. Bildirildi ki, bir çox teatr-konsert müəssisələri bu sahədə çox passiv çalışır. Ona görə də ötən dövr ərzində öz fəaliyyətləri haqqında nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əməkdaşlıq etməyən teatrların siyahısı hazırlanıb.
Şöbə müdiri əlavə etdi ki, yaxın vaxtlarda nazirlik mədəniyyət müəssisələrinin fəaliyyətini əks etdirən yeni sayt təqdim edəcək və bundan sonra həmin sayt vasitəsilə nazirliyin strukturunda olan müəssisələrin təbliği işi daha da operativ və geniş formada həyata keçiriləcək.
Qeyd olundu ki, teatr-konsert müəssisələri öz fəaliyyətlərinin piar məsələsini bir sıra hallarda diqqətdən kənarda saxlayırlar. Müasir dövrdə yaradıcı fəaliyyətin mediada işıqlandırılmasında müasir vasitələrdən istifadə mühüm əhəmiyyət kəsb edir.
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkan Rüstəmova nazirliyin rəsmi internet saytının yenilənmiş versiyasının istifadəyə verilməsindən ötən 8 ay müddətində saytda dərc olunan informasiyaların hesabatını təqdim etdi. Hesabatda, ümumiyyətlə, region teatrlarının bəzilərinin bu məsələyə biganə yanaşdığı vurğulandı.
Toplantıda çıxış edən İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov, İnformasiya, elektron media və resurslarla iş sektorunun müdiri Zöhrə Əliyeva, İncəsənət şöbəsinin Teatr sektorunun Naidə İsmayılzadə elektron informasiya resurslarında təbliğat məsələsini xüsusi qeyd etdilər. Bildirildi ki, teatr-konsert müəssisələrinin mətbuatla, ictimaiyyətlə əlaqələrə məsul şəxsləri bu istiqamətə diqqət yetirməli, sosial şəbəkələrdə informasiya paylaşmalı və müzakirələrdə daha aktiv olmalıdırlar. Mətbuatla əlaqələrin xüsusiyyətlərindən, xəbərin yazı üslubundan söz açan natiqlər bildirdilər ki, nazirliyin saytına yerləşdirilən xəbərlər qısa zamanda ölkənin çoxsaylı mətbu orqanları və xəbər agentliklərində dərc edilir. Buna görə də informasiyaların səhihliyi mühüm əhəmiyyət kəsb edir.
Görüşün sonunda teatr-konsert müəssisələrinin mətbuatla əlaqəli şəxslərinin də fikirləri dinlənildi, rəy və təklifləri müzakirə olundu. Bir daha teatr-konsert müəssisələrinin mətbuatla mütəmadi əlaqə yaratmaları, fəaliyyətlərinin daha geniş çevrələrdə təbliği ilə bağlı səylərini artırmaları tövsiyə edildi.