Bağla

“Teatr dilində sevgi...”

03-03-2022, 21:06

Əziz teatr sevərlər, 10 mart 2022 ci il saat 12:00 da sizi teatrımıza dəvət edirik. Milli teatrımızın yaranmasının 149-cu il dönümü münasibətilə bütün yaş qruplarından  olan insanların ekskursiyası təşkil olunacaq.

Ekskursiyada teatr sexləri (musiqi, geyim, dekorasiya,) ilə tanış olunub tamaşa üçün hazırlanan eskiz, paltar, butaforlara baxış keçiriləcək.

Eyni zamanda tamaşanın necə hazırlanıb ərsəyə gəlməsi haqqında geniş məlumat veriləcək. Sonra isə mətbuat konfransı keçiriləcək və suallar cavablandırılacaq.  

Sonda Səbinə Haqverdiyevanın “Nar şirəsi” pyesi əsasında bir pərdəli psixoloji dram janrında hazırlanmış eyni adlı tamaşanın premyerası baş tutacaq. Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Tamaşada rolları Sehran Xanlarov, Sevinc Məmmədova, İntizar Quliyeva, Emin Abışov, Nicat Süleymanzadə, Orxan Təvəkküllü və başqaları ifa edir. 

Biz demək istəyirik ki...

“İnsan -  şüurun işləyə bildiyi qədər mistik dərinliklərdə özü ilə çarpışan ali varlıqdır. Bəzən biz bu aliliyi tam mahiyyəti ilə dərk edə bilmirik. Sıradan bir ömür sürüb yox oluruq. Yoxluqdan gəlib yoxluğa gedirik. Amma bu iki yoxluq arasında bir varlıq həqiqəti var. Biz nə qədər “var” ola bilirik?! 
Həyat – külli ixtiyar sahibinin bizə verdiyi bir əməl ağacıdır. O yaşıl yarpaqlı, çəhrayı ləçəkli çiçəklərdən ibarətdir. Gəlin onun budaqlarına öz sevgimizi saraq. Ətrafımızda sevgiyə, qayğıya ehtiyacı olan fiziki və psixi əngəlli insanlar var. Onlar bizə yetişə bilmirlər. Zaman onlar üçün başqa məna daşıyır. Bəlkə də zamanın onlar üçün heç bir manası yoxdur. Biz öz təkəbbürlü yüksəkliyimizdən onların biçarə və mənalanmamış qaranlığına enməliyik. Nurlandıraraq nurlanmalıyıq. Əziz insanlar, biz bu tamaşa ilə sevgi paylaşırıq. Gəlin payınızı götürün.”

Nicat Mirzəzadə

Füzuli Dövlət Dram Teatrının və tamaşanın quruluşçu rejissoru