Füzuli Dövlət Dram Teatrında repertuardan kənar Nicat Mirzənin quruluşunda Sevinc Elsevərlinin "Həyat elə bir oyun ki ..." monopyesi əsasında tamaşa hazırlanıb.
Bu bir oyundur. Bütün mənalarda oyun. Sevinc Elsevərin qələmə aldığı "Həyat elə bir oyun ki" əsəri sual dolu oyundan bəhs edir. Rejissorun yozumu ilə bu oyun fərqli çalarlara yol açır. Özünə məxsus ifası ilə oyundan oyuna düşən teatrın ali dərəcəli aktrisası İntizar Quliyeva bizi özü ilə üstündən hər gün fərqinə varmadan keçdiyimiz, ritmi pozulmuş fikir dalğalarına aparır. Sən demə səhnədə meyid yox imiş, sən demə bu qadın aktrisa imiş, bəxti gətirməyən bir qadından, aktrisadan bəhs edirmiş. Amma həm də sən demə o aktrisa həyatda əzilmiş qadın imiş. Bu onun öz həyatıdırmı? Bəlkə də hə, bəlkə də yox. Özü demişkən, bizim bu yerlərin qadınlarının əksəriyyətinin taleyi belədir...
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nicat Mirzə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.