Bağla

Nazir Xorvatiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb

17-06-2021, 14:45

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iyunun 16-da Xorvatiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç ilə görüşüb.

Səfiri səmimi salamlayan nazir Anar Kərimov Azərbaycanla Xorvatiya arasındakı dostluq münasibətlərinin bir çox sahələrdə səmərəli əməkdaşlığın qurulmasına, o cümlədən mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinə böyük zəmin yaratdığını bildirib. Xorvatiya ilə mədəni əlaqələrin inkişafının vacibliyini bildirən nazir iki ölkə arasında imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Anar Kərimov ölkələrimiz arasında mədəni əlaqələrin daha da gücləndirilməsi ilə bağlı məsələlərə toxunarkən mədəni irsin bərpasında Xorvatiyanın təcrübəsindən istifadə, kitabxana və muzey işi, gənclərlə iş, ümumilikdə mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib, birgə tədbirlərin təşkilində ölkəmizin maraqlı olduğunu vurğulayıb.

Qəbula görə nazirə təşəkkürünü bildirən səfir Branko Zebiç ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib, ölkələr arasında mədəniyyət sahəsində birgə fəaliyyətin səmərəli təşkili məqsədilə bu kimi görüşlərin əhəmiyyətini qeyd edib, mədəni əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı fəaliyyətin gələcək perspektivləri müzakirə edilib, əməkdaşlıqla bağlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.