Bağla

Milli Teatr Günü Teatr Xadimləri İttifaqında qeyd olunub - FOTO

11-03-2021, 16:10

10 mart – Azərbaycan peşəkar milli teatrının yarandığı gün Teatr Xadimləri İttifaqında qeyd edilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, görkəmli sənət adamları iştirak ediblər.

Tədbirdən əvvəl nazir Anar Kərimov Teatr Xadimləri İttifaqının fəaliyyəti, Aktyor evi ilə tanış olub, incəsənət xadimləri ilə səmimi söhbət edib.  

Azərbaycan peşəkar milli teatrının yaranmasının 148-ci ildönümünə həsr olunmuş mərasimi Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov açaraq Milli Teatr Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, günün əhəmiyyəti barədə məlumat verib.

Daha sonra çıxış üçün söz verilən mədəniyyət naziri Anar Kərimov Ulu öndər Heydər Əliyevin teatr haqqında dediyi sözləri diqqətə çatdırıb: “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Teatr Azərbaycan teatr mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır”.

1873-cü il martın 10-da M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə əsası qoyulan Azərbaycan peşəkar teatrı zəngin tarixi yol keçdiyini qeyd edən Anar Kərimov milli teatr tariximizə qısa ekskurs edərək Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.  Nazir diqqətə çatdırıb ki, ən yeni tariximizin şanlı səhifələrini təşkil edən 44 günlük Vətən müharibəsində Ordumuzun və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qazandığı misilsiz Zəfər nəticəsində bu problem aradan qalxacaq, artıq adları çəkilən teatrlarımızın çoxu Mədəniyyət Nazirliyinin də dəstəyi ilə öz doğma yurd-yuvalarında fəaliyyətini davam etdirə biləcəklər: “Azərbaycanda teatr fəaliyyətinin hüquqi-normativ bazasının formalaşdırılıması da mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Ölkə Prezidentinin imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” Qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər dövlətimizin teatr sahəsinə olan daimi diqqətini göstərir, teatr prosesinin inkişafına xidmət edir.

Qeyd edilib ki, multikultural dəyərlərin təşviq olunduğu ölkəmizdə dövlət teatrları sırasında Dövlət Akademik Rus Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı və Qax Dövlət Gürcü Dram Teatrıda fəaliyyət göstərir. Beynəlxalq teatr konfranslarının, teatr festivallarının keçirilməsi, bir sıra teatrların xarici festival və qastrollarda iştirakı, həmçinin nüfuzlu beynəlxalq təşkilatlara üzv qəbul edilməsi milli teatrımızın dünya teatr məkanına inteqrasiyasını daha da sürətləndirib. Bu gün Azərbaycan incəsənəti, o cümlədən teatr sənəti özünün yeni inkişaf mərhələsinin astanasındadır.

Nazir əlamətdar gün münasibətilə bütün teatr xadimlərini təbrik edərək, milli teatrımızın inkişafı naminə hər kəsə yeni yaradıcılıq uğurları arzulayıb.

Sonra bir qrup mədəniyyət xadiminə “Sənətkar” medalı təqdim edilib.

Mərasim xanəndə Mənsum İbrahimovun muğam üçlüyü ilə çıxışı, Müslüm Maqomayevin ölməz musiqisi – “Azərbaycan” mahnısının səsləməsi və Vətən müharibəsində Qələbəyə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.