Mədəniyyət və Turizm Nazirliyinin 10 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Nazirliyin mətbuat xidmətindən fuzuliteatr.az-a verilən məlumata görə, yanvarın 29-da "JW Marriott Absheron Baku" mehmanxanasında Mədəniyyət və Turizm Nazirliyinin yaradılmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirildi.
Mərasimdə Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev, hökumət rəsmləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri iştirak edirdi.
Yubiley tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkənin mədəniyyət və turizm ictimaiyyəti adından dövlət başçısına minnətdarlığını bildirdi.
Azərbaycan-UNESCO münasibətlərinin inkişafında və möhkəmlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərini xüsusi vurğulayan nazir onun ölkəmizin mədəni irsinin qorunması, respublikamızda və dünya miqyasında təbliği sahəsində gördüyü əvəzsiz işlərin yüksək qiymətə layiq olduğunu dedi.
Qeyd olundu ki, Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Ötən dövr ərzində nazirlik tərəfindən mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm işlər görülüb.
Ölkə rəhbərliyinin mədəniyyətimizin təbliği və inkişafına böyük diqqət və qayğısından geniş söz açan nazir qeyd etdi ki, son 10 ildə bu istiqamətdə 500 fərman və sərəncam imzalanıb, dövlət proqramları qəbul edilib.
Əbülfəs Qarayev nazirliyin əməkdaşlarının təltif olunması haqqında dövlət başçısının 28 yanvar 2016-cı il tarixli sərəncamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Qeyd olundu ki, Azərbaycanın mədəniyyət və turizm sahələrində fəaliyyəti ilə seçilən ümumilikdə 836 nəfər fəxri ad və mükafatlara layiq görülüb. Bunlarla yanaşı, ötən illər ərzində Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyasının qərarı ilə mədəniyyət və turizm sahəsində səmərəli xidmətlərinə görə 183 əməkdaş "Fəxri mədəniyyət işçisi” və 26 əməkdaş "Fəxri turizm işçisi” döş nişanları ilə təltif edilib.
Ötən on il ərzində mədəniyyət və turizm sahələri üzrə qazanılan uğurlar, həyata keçirilən layihələr haqqında məlumat verildi. Daha sonra nazirliyin 10 illik fəaliyyətini əks etdirən kataloq və son illərdə UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına salınan tar ifaçılığı sənəti və kəlağayı simvolizminə həsr edilmiş sosial videoçarx nümayiş olundu.
Sonda 10 il müddətində nazirliyin tədbirlərini işıqlandıran və mütəmadi əməkdaşlıq edən televiziya kanallarının əməkdaşları nazirlik tərəfindən fəxri fərman və mükafatlarla təltif olundular.