Oktyabrın 17-də Füzuli Şəhəri Gününün daha bir tədbiri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində gerçəkləşib "Vətənim Füzuli” adlı konsert proqramı Qarabağ Regional Mədəniyyət İdarəsi tərəfindən təşkil olunub.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Füzuli Dövlət Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov çıxış edərək Füzuli Şəhəri Gününün doğma yurda qayıtmış sakinlərdə əsl bayram ab-havası yaratdığını bildiriblər.
Tədbirdə əslən Füzulidən olan müğənnilər tərəfindən təsnif, xalq mahnıları və bəstəkar mahnıları ifa olunub, şeirlər səsləndirilib.
Füzuli Dövlət Dram Teatrı aktyorlarının iştirakı ilə vətənpərvərlik motivli səhnəcik göstərilib.
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin “Qarabağ fidanları” rəqs kollektivi “Şən Azərbaycan” rəqsini ifa edib. Tədbirə qonaq qismində dəvət olunan “Asiman” rəqs qrupu “Zaqatala” və “Yallı” rəqslərini təqdim ediblər. Bütün ifalar alqışlarla qarşılanıb.