Füzuli Dövlət Dram Teatrı görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi ilə əlaqədar "Qafqaz dağlarından boylanan günəş” adlı poetik xalq tamaşasını nümayiş etdirib.
Tamaşa Füzuli və Beyləqan istiqamətində yerləşən hərbi birləşmənin şəxsi heyətinə təqdim olunub. Əməkdar artist Asif Şirinovun quruluşu əsasında hazırlanan tamaşanın quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədədir.
Tamaşada əsas rollarda Qaçaq Qarayev, İntizar Quliyeva, Xurşud Babayeva və başqaları çıxış edib. Qəhrəmanın keçdiyi şərəfli ömür yolundan və döyüş tarixindən bəhs edən tamaşa əsgərlər tərəfindən böyük maraqla qarşılanıb, əsgərlərin hərbi vətənpərvərlik hissinin yüksəldilməsi istiqamətində mühüm rol oynayıb.
Daha sonra çıxış edən hərbi birləşmə rəhbərləri teatrın hərbi hissələrdə davamlı çıxışlarını yüksək qiymətləndirərək tamaşanın ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə təşəkkür edib.
Sonda xatirə şəkili çəkdirilib.