Füzuli Dövlət Dram Teatrında 2025-ci ilin repertuarında olan Vilyam Şekspirin "Maqbet " tamaşasının premyerası olub.
Tamaşanın quruluşçu rejissoru Emil Əskərov , quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Əli Hüseynov, Emin Abışov, Xurşud Babayeva, Gülnar Quliyeva, Şəbnəm Baxışova, Sahilə Abbasova, Şəlalə Nəsirova, Günay Çobanzadə ifa edib.
Tamaşanın mövzusu Şotlandiya cəngavəri Maqbetin hakimiyyət uğrunda xeyir və şərlə mübarizəsindən bəhs edir. Maqbet Şotlandiya düşmənlərinə qalib gəlmiş cəsur cəngavərdir. O, qəhrəmanlığına görə şöhrət qazanıb. O, eyni zamanda əmindir ki, bütün bu üstünlüklərə baxmayaraq, özünə layiq mənsəbə, titula çatmayıb. Onun hakimiyyətə, şan-şöhrətə olan həvəsi onu qatil və zalım edir. Güc həvəsi onu uçuruma aparır. O məqsədinə çatmaq üçün cinayətə əl atır, qan tökür. Onun hakimiyyət iddiaları olsa da, daha çox Ledi Maqbet tərəfindən kralı öldürməyə təhrik edilir.
Kral öldürdükdən sonra peşman olsa da, amma gec idi. Artıq o bir oyunun içinə düşmüşdür. Bu qətl ilə onun həyatının kabusu, vicdanlı günləri başlayır. Maqbet bir tərəfdən Ledi Maqbetin, digər tərəfdən isə üç cadugərin oyuncağına çevrilir.