Xəbər verdiyimiz kimi, 1-5 noyabr tarixində Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə “4.4” Qısa Tamaşalar Festivalı keçirilib.
44 günlük Vətən müharibəsinin ildönümünə həsr olunan festivalda Füzuli Dövlət Dram Teatrı da təmsil olunub. Teatr festivalda "Dönüş" film-tamaşası ilə iştirak edib. Film-tamaşa digər iştirakçıların, festivalın məsul şəxslərinin və münsiflər heyətinin diqqətini çəkib. “Dönüş” adlı film-tamaşada əsasən simvolik detallara üstünlük verilib. Eyni zamanda təbiət və fövqəl güclərin təzahürü də əksini tapır. Maddi cisimdən sakral qata yüksəliş, sakral qatdan mistik yozumla tamaşa öz məzmununu formalaşdırır. Biz torpaqdan insana, insandan tikanlı sərhəd məftilinə, tikanlı sərhəd məftilindən əsgərə, əsgərdən şəhidə, şəhiddən məzara, məzardan anaya, anadan da vətənə dönürük. Birlikdə Vətən oluruq, özümüzə dönürük. Müəllifi və rejissoru Nicat Mirzəzadə olan səhnə işinin ifaçıları Emin Abışov, Sevinc Məmmədova, Nicat Süleymanzadə, Orxan Təvəkküllü, Ruslan Şıxəliyev, Vüqar Babayev, Elçin Məmmədov, Rahibə Baxşəliyeva, Elşən Gözəlov, Vüsal Quliyev, Zamin Quliyev və Qəlbinur Əhmədli idi.
"Dönüş" film-tamaşası sonda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.
Qeyd edək ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycan Ordusunun parlaq qələbəsinin bədii əksi, həmçinin milli teatr sənətinin rəqəmsal dünyada təbliğidir. Festival həm də pandemiyanın doğurduğu obyektiv səbəblər üzündən durğunlaşmış teatr prosesinin dirçəldilməsi və teatr xadimlərini yaradıcı təşəbbüslərə təşviq etmək məqsədini qarşıya qoyub.