Füzuli Dövlət Dram Teatrı XXXIII mövsümünü A.Həsənoğlunun "Yaddaş" tamaşası ilə açıb.
Tamaşadan öncə vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev teatrın XXXII mövsümündəki nailiyyətləri haqqında ümumi məlumat verib və yeni mövsümdə kollektivə uğurlar arzulayıb.
Daha sonra A.Həsənoğlunun "Yaddaş" tamaşası Horadiz şəhər 2 N-li tam orta məktəbin şagirdlərinə nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Səhnə əsərində rolları Qaçaq Qarayev, Sehran Xanlarov, İntizar Quliyeva, Sevinc Məmmədova, Gülnar Hüseynova, Əli Hüseynov və başqaları ifa edir.
Tamaşa Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə həsr olunub. Müharibə mövzusuna həsr olunmuş tamaşa Azərbaycan əsgərinin yüksək vətən sevgisini və parlaq qələbəsini bədii şəkildə əks etdirir.