Bağla

Füzuli Dövlət Dram Teatrı mövsüm açılışına hazırlaşır

05-09-2023, 11:38

Füzuli Dövlət Dram Teatrında 34-cü mövsümünün başlanması ilə əlaqədar kollektivin toplantısı keçirilib.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək yeni mövsüm münasibətilə kollektivi təbrik edib. Eyni zamanda növbəti mövsümdə yaradıcı heyətlə görüləcək işlər barədə danışıb, onlara uğurlar arzulayıb. 

Daha sonra teatrın 33 mövsümdəki nailiyyətlərinə qısa nəzər salınıb. Qeyd edilib ki, teatrda ötən mövsümdə Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun olaraq Abdulla Elşadlının "Tənhalığın evi", Xaqani Əliyevin "Molla Nəsrəddin", Ələsgər Qurbanovun "Tənbəl Əhməd" tamaşaları hazırlanıb və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı”, 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” və bir çox poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub. Teatr 4.4 Qısa Tamaşalar Festivalında, "Milli klassika" festivalında, Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb. Eyni zamanda teatrın baş rejissoru, əməkdar artist Asif Şirinov və quruluşçu rejissoru Nicat Mirzəzadəyə prezident mükafatına layiq görülüb.

Teatr Ağdam, Tərtər, Goranboy, Gəncə, Mingəçevir, Xocavənd və digər rayonlarda qastrol səfərlərində olub.

Hər il olduğu kimi bu ildə teatr mütəmadi olaraq hərbi hissələrdə olub, müxtəlif janrlı tamaşalar və konsert proqramları ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub.

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı yeni mövsümü 25.09.2023 tarixdə N.B.Vəzirovum "Yağışdan çıxdıq, yağmura düşdük" tamaşası ilə açacaq.