Bağla

Füzuli Dövlət Dram Teatrı karantin qaydalarına uyğun fəaliyyətini davam etdirir

05-10-2021, 14:38

Füzuli Dövlət Dram Teatrı koronavirus pandemiyası ilə əlaqədar olaraq təxminən 2 ildən sonra karantin qaydalarına əməl olunmaq şərtilə oktyabrın 1-dən  fəaliyyətə başlayıb. 

Bununla əlaqədar teatrda müşavirə keçirilib. Giriş sözü ilə çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bütün kollektivini yenidən teatr binasında gördüyü üçün çox şad olduğunu bildirib və karantin qaydalarının yumşaldılması ilə əlaqədar teatrların yenidən fəaliyyətə başlaması münasibətilə təbrik edib. Bildirildi ki, pandemiya ilə artıq bir müddətdir ki, tamaşaçılarla yaradıcı əlaqələrini kəsməmək üçün  teatr onlayn şəkildə tamaşalar təqdim edib.

Sonra karantin müddətində teatrın fəaliyyəti və gələcək işlər barədə təkliflər ətrafında kollektivlə müzakirə aparılıb. Eyni zamanda Füzuli Dövlət Dram Teatrına yeni quruluşçu rejissor təyin olunmuş Nicat Mirzəzadə yaradıcı kollektivə təqdim edilib. 

Qeyd edək ki, Füzuli Dövlət Dram Teatrı 2 ilə yaxın bir müddətdən sonra fəaliyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin xalqımızın Vətən müharibəsində qazandığı tarixi Zəfəri səhnə əsərlərində yaşatmaq, eləcə də pandemiya dövrünün məlum reallıqları üzündən durğunlaşmış milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə “4.4 Qısa Tamaşalar Festivalı”na  və Azərbaycan Teatr Xadimləri İttifaqının 44 günlük Vətən Müharibəsində Şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Qalib olan Azərbaycan” adlı festivala hazırlıqla başlayıb.