Bağla

Füzuli Dövlət Dram Teatrı Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir!

18-03-2022, 16:16

Füzuli Dövlət Dram Teatrı dövlətimizin əziz, milli bayramı olan - Novruz bayramı münasibətilə Azərbaycan xalqına əminamanlıq arzulayır.

Bu il Novruzu ikiqat bayram ovqatında, böyük Zəfər ruhu ilə qeyd edirik. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağımızı azad etdi. Ordumuzun və xalqımızın sarsılmaz birliyi sayəsində tariximizə parlaq qəhrəmanlıq səhifəsi yazıldı. Bu tarixi Zəfər sayəsində milli ruhumuzun, mədəni irsimizin təntənəsi olan Novruz da doğma Vətən torpaqlarına qayıdır. Otuz ildən sonra Qarabağda, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşada Novruz tonqalları qalanır, doğma yurdumuzdan Bahar bayramının ətri, nəfəsi gəlir. İşğaldan azad olunmuş bütün torpaqlarımız yaxın gələcəkdə bu nəfəsi hiss edəcək, xalqımız əzəli yurd yerlərində əziz bayramı yenə də böyük təntənə ilə qeyd edəcək.

Bu günlər yeni tariximiz üçün əlamətdar bir ilkdir. Müstəqillik tariximizdə ilk dəfə Novruzu ərazi bütövlüyü təmin olunmuş ölkə, qalıb xalq olaraq qeyd edirik. Qoy bu bayram xalqımızın yeni xoş günlərinin, gələcək uğurlarının müjdəçisi olsun. Vətən torpaqlarında ocaqlarımız heç vaxt sönməsin. Sarsılmaz birliyimiz əbədi olsun! 

Bir daha xalqımızı bayram münasibəti ilə təbrik edirik! Arzu edirik ki, bu bayram öz gəlişi ilə evinizə, ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin!

Novruz bayramınız mübarək olsun!