Bağla

27 mart Beynəlxalq Teatr Günüdür

27-03-2023, 10:12

Hər il martın 27-si Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

Yaranmasının 150-ci ildönümü qeyd edilən Azərbaycan teatrında da Beynəlxalq Teatr Günü münasibətilə silsilə tədbirlər keçirilir.

Azərbaycan teatr sənəti çox qədim və zəngin bir tarixə malikdir. XIX əsrin ikinci yarısından başlayaraq ölkəmizdə cərəyan edən ictimai-siyasi hadisələr maarifçilik hərəkatının inkişafına güclü təkan vermişdi. Həmin dövr Azərbaycan teatrı üçün də əlamətdar olmuşdu. Belə ki, böyük mütəfəkkir Mirzə Fətəli Axundzadə tərəfindən ədəbiyyatımıza dram janrının gətirilməsi xalq teatrının peşəkar teatr sənətinə çevrilməsində həlledici rol oynamışdı. Görkəmli maarifçi Həsən bəy Zərdabi və yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” və “Hacı Qara” komediyalarının tamaşaya qoyulması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində dünyəvi, peşəkar teatrın təməli qoyulmuşdur.

Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illər ərzində daha da möhkəmlənərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün ölkəmizdə 30-a yaxın dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 1000-ə yaxın aktyor çalışır.

Ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişafına xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial-rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Ölkə başçısının imzaladığı “Teatr və teatr fəaliyyəti haqqında” qanun (2006), “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam (2007), “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı (2009) və digər sənədlər teatr sahəsinə olan diqqət və qayğını göstərir, teatr prosesinin inkişafına xidmət edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı da uğurla həyata keçirilib. Onillik bir dövrü əhatə edən proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Musiqili, Mingəçevir, Şuşa, İrəvan, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Ötən illər ərzində teatrlarımız dünyanın 20-dən artıq ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, Başqırdıstan, İsveçrə, Moldova və Serbiyada keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil ediblər. Eyni zamanda, xarici ölkələrdən 10-dan çox teatr kollektivi Azərbaycanda qastrol səfərində olub, 30-dək tanınmış rejissor, baletmeyster xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət edilib.

Azərbaycan teatrını qarşıda yeni uğurlar gözləyir. Əminliklə demək olar ki, teatrlarımız biri-birindən maraqlı səhnə əsərləri ilə daha böyük tamaşaçı auditoriyası toplayacaq və milli mədəniyyətimizin inkişafına yeni töhfələr verəcəklər.

Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə martın 10 ölkəmizdə Milli Teatr Günü kimi qeyd edilir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Zəfər sayəsində Qarabağda mədəniyyətimizin dirçəlişi üçün də tarixi bir səhifə açılıb. Otuz il əvvəl Qarabağdan – Şuşadan, Ağdamdan, Füzulidən didərgin düşən teatrlarımız tezliklə yenidən qurulacaq doğma şəhərlərdə fəaliyyətini davam etdirəcək.