“Nəsimi eşqi” adlı poetik xalq tamaşası rayon ictimaiyyətinə təqdim olunub

Bu yazı 236 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrında Prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili” elan olunması ilə əlaqədar teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin ssenarisi əsasında hazırlanan "Nəsimi eşqi” adlı poetik xalq tamaşası rayon ictimaiyyətinə təqdim olunub. 

Tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur. Tamaşada əsas rollarda Elşən Gözəlov, Ayşən Gülmalıyeva, Sehran Xanlarov, Vaqif Rəhimov, Sevinc Məmmədova və başqaları çıxış edib. Nəsimi yaradıcılığını və həyat hekayəsini əks etdirən tamaşa gələn qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. 

Sonda çıxış edənlər Nəsiminin böyük şəxsiyyət, dahi mütəfəkkir olduğunu qeyd ediblər və Nəsimi yaradıcılığının sevildiyi hər ilin xalqımız üçün "Nəsimi ili” olduğunu xüsusi vurğulayıblar. 

Məlumat üçün bildiririk ki, teatrın tədbirlər planına uyğun olaraq tamaşanın rayonun işğaldan azad olunmuş və yeni salınmış kənd və qəsəbələrində, "N” saylı hərbi hissələrdə nümayişi də nəzərdə tutulub.