"Əməkdar Mədəniyyət işçisi” Vaqif Vəliyevin doğum günüdür

Bu yazı 114 dəfə oxunub

Bu gün Füzuli Dövlət Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin doğum günüdür.

Vaqif Zülfü oğlu Vəliyev 1958-ci il noyabrın 21-də Füzuli rayonun Füzuli şəhərində sənətkar ailəsində anadan olub. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda "mədəni-maarif” fakultəsində təhsil alıb.

1981-1989-cu illərdə Füzuli rayon Mədəniyyət evində dram dərnəyinin rəhbəri, direktor vəzifələrində işləyib.1989-cu ildən hal-hazıra kimi Füzuli Dövlət Dram teatrının direktoru vəzifəsində işləyir. 1990-cı ildən 1999-cu ilədək teatrın bədii rəhbəri və direktoru vəzifəsində işləyib.

İşlədiyi müddətdə Cahangir Məmmədovun "Günəş zindanda”, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”, Səttar Axundovun "Bəndalı bəndə düşüb”, Altay Məmmədovun "Kişilər”, Loğman Rəşidzadənin "Toya bir gün qalmış” tamaşalarına quruluş vermiş və İlyas Əfəndiyevin "Unuda bilmirəm”də Kamran, Həsən Əsgərxanovun "Pristav Həsənalı bəy”də Naçalnik, Cəlil Məmmədquluzadənin "Danabaşlar”da Həsən kişi, Loğman Rəşidzadənin "Toya bir gün qalmış”da Yaqub obrazlarını canlandırıb.

Bütün bunlarla yanaşı Rayonda keçirilən kütləvi tədbirlərin bədii rəhbəri və quruluşçu rejissorudur.
Bir sözlə Vaqif Vəliyev teatr ənənəsinin yaşamasında əvəzsiz rol oynayıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əlyevin 2013-cü il 25 iyun 2967 nömrəli sərəncamı ilə Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilib.

Ailəlidir, 3 övladı var.