Füzuli Dövlət Dram Teatrı XXIX mövsümə yekun vurub

Bu yazı 149 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrı XXIX mövsümə Elçin Əfəndiyevin "Qatil” tamaşası ilə yekun vurub.

Tamaşa "N” saylı hərbi hissənin şəxsi heyətinə təqdim edilib. Tamaşanın quruluşu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz balaşova, musiqi tərtibatçısı Nizami Süleymanovdur. Əsas rollarda İntizar Quliyeva , Qaçaq Qarayev, Sehran Xanlarov və Aygün Cəfərova çıxış edir.

Tamaşanın ardınca mütəmadi olaraq "N” saylı hərbi hissələrdə çıxışlarına görə teatr kollektivi fəxri fərmanlarla təltif olunub.

Daha sonra XXIX teatr mövsümü bağlanışı ilə əlaqədar yekun iclas keçirilib. İclası giriş sözü ilə teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açıb.

İlk öncə bütün kollektivi növbəti mövsüm bağlanışı münasibətilə təbrik edib və gələcək işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il nazirliyin təsdiq etdiyi repertuar planına uyğun olaraq E. Əfəndiyevin "Qatil”, N.Kazımov "Ələddinin sehrli çırağı” , Ə.Orucoğlu "Nənəmin kələyi” əsərlərini hazırlanıb istismara verilib. Bununla yanaşı Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı” və 20 Yanvar faciəsinin il dönümü ilə əlaqədar "Şəhidlər ölməz” adlı poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim olunub. Hər il olduğu kimi bu ildə teatr mütəmadi olaraq "N” saylı hərbi hissələrdə olmuş müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib.

Teatrın hərbi hissədəki bu xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub. Mövsüm ərzində teatr təkcə hərbi hissədəki çıxışlarına görə 13 fəxri fərman alıb.

Teatrın direktor müavini Azər Abbasov isə öz çıxışında qeyd edib ki, ən böyük uğurlardan biri Azərbaycan Respublikanın ən gənc şəhəri olan Horadizə şəhər statusunun verilməsinin 10 illiyi ilə əlaqədar kütləvi bayram tədbirində fəal iştirakına, həmçinin mütəmadi olaraq "N” saylı hərbi hissələrdə teatrın nümunəvi çıxışlarına görə Azərbaycan Respublikasının Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov tərəfindən xüsusi diplomla təltif olunmasıdır. Bu ilin uğurları içərisində teatrın qocaman aktyoru Vaqif Rəhimov yenidən Prezident təqaüdünün və teatrın baş rejissoru Asif Şirinova Azərbaycan Respublikasının Prezidentinin 27 may 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının "Əməkdar artist”i adının verilməsi qürur vericidir.

Sonda bir qrup yaradıcı kollektivə mövsüm ərzində fərqləndiyinə görə fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, teatrı növbəti mövsümü 25.09.2018-ci il tarixdə Əhməd Orucoğlunun "Nənəmin Kələyi" tamaşası ilə açacaq.