Nazir Əbülfəs Qarayevə mükafat təqdim edildi

Bu yazı 279 dəfə oxunub


Mayın 25-də Bakıda Prezident Administrasiyasının və "The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016” xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016”) təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə "The Business Year-Azerbaijan 2016” nəşrinə həsr olunan videoçarx nümayiş etdirilib.

Qeyd olunub ki, baş ofisi Londonda yerləşən "The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, ətraflı təhlillərlə çıxış edən nüfuzlu şirkətdir. "The Business Year” ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes dairələri tərəfindən maraqla qarşılanır, işgüzar əlaqələrin inkişafına xidmət edir və birgə iqtisadi layihələrin reallaşdırılmasına töhfə verir.

Bildirilib ki, "The Business Year” şirkəti 2011-ci ildən Azərbaycan ilə əməkdaşlığa başlayıb və ölkəmizə dair altı xüsusi buraxılış hazırlayıb və yayıb. Nəşrin builki buraxılışında "Çoxqütblü dünyaya doğru” mövzusunda IV Bakı Qlobal Forumunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi, ayrı-ayrı dövlət və hökumət başçıları ilə müsahibələr, bu il Bakıda təşkil olunacaq "Formula-1” Avropa Qran-prisi və Dünya Şahmat Olimpiadasının hazırlıq mərhələlərinə həsr olunmuş materiallar, habelə Azərbaycanın dövlət qurumlarının, yerli və ölkəmizdə fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin müsahibələri əksini tapıb.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "The Business Year” nəşrinin artıq altıncı ildir Azərbaycanın müasir inkişafını bütün sahələrdə dərindən təhlil edərək onun salnaməsini yaratması, dünyanın biznes və işgüzar dairələrinə təqdim etməsi baxımından fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, "The Business Year” nəşrinin yaradıcı heyəti yüksək peşəkarlıqla Azərbaycanın müasir inkişaf tarixinin bütün sahələrini əhatə edən zəngin arxiv yaradıb.

Nəşrin 2013-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevi "İlin adamı” seçdiyini xatırladan Prezident Administrasiyasının rəsmisi həmin vaxt dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizin qazandığı mühüm uğurları diqqətə çatdırıb. Bildirib ki, həmin dövrdə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan dünyada sülhün və əməkdaşlığın təbliğində fəal iştirak edib. Bundan başqa, dünyada kosmik klubun üzvünə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan nəhəng enerji layihələrinin uğurla reallaşdırılmasına böyük töhfələr verib.

Prezident Administrasiyasının rəsmisi nəşrdə Azərbaycanın Şimal ilə Cənub və Şərq ilə Qərb arasında mühüm nəqliyyat dəhlizinə çevrilməsinin yüksək dəqiqliklə əksini tapdığını diqqətə çatdırıb. Azərbaycanın bu il iki böyük foruma - IV Qlobal Bakı Forumuna və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna yüksək səviyyədə ev sahibliyini etdiyini deyən Əli Həsənov bu nailiyyətlərin də nəşrin diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Əli Həsənov "The Business Year” nəşrinin Azərbaycanın əldə etdiyi bütün bu uğurları dərindən təhlil edərək həmin nailiyyətlərin əsasında Prezident İlham Əliyevi "Dünyada ilin adamı” seçdiyini bildirib.

Bu təşəbbüsə görə nəşrin redaksiya heyətinə dərin minnətdarlığını çatdıran Əli Həsənov belə layihələrin Azərbaycanın beynəlxalq imicinin formalaşmasında və təbliğində mühüm önəm daşıdığını söyləyib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrlə yanaşı, mədəniyyət və turizmin inkişafına da göstərilən yüksək diqqət və qayğıdan danışıb. Nazir bu sahədə həyata keçirilən infrastruktur layihələrinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondunun da ölkəmizdə mədəniyyətin və turizmin inkişafına göstərdiyi diqqətdən ətraflı bəhs edib.

Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev, "The Business Year” nəşrinin baş redaktoru Leland Rays Azərbaycanda görülən işlərdən danışıblar.

Tədbirdə mükafatlandırma mərasimi olub. Qeyd edilib ki, "The Business Year” nəşri müxtəlif sahələrdə böyük uğurlar əldə edən rəsmi şəxslər, kommersiya və qeyri-hökumət strukturları üçün dünyada "İlin birincisi” mükafatını təsis edib.

Bildirilib ki, 25 illik müstəqillik tarixinə malik Azərbaycanın qazandığı uğurlar hətta dünyanın aparıcı ölkələri üçün nümunə hesab oluna bilər. Bütün bu nailiyyətlərin əldə olunması birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Göstərilən amilləri nəzərə alaraq və Azərbaycan Prezidentinin fəaliyyətini dərindən təhlil edərək "The Business Year” şirkəti İlham Əliyevi "2015-ci ildə dünyada ilin adamı” seçib.

Sonra nəşrin ekspertlərinin Azərbaycanda müxtəlif sahələr üzrə seçdikləri bir sıra şəxslərə "İlin birincisi” mükafatları təqdim olunub.

Azərbaycanda turizmin inkişafına görə "İlin ən dinamik sektorunun rəhbəri” mükafatı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə təqdim edilib.

Qeyd edək ki, "The Business Year” jurnalının Azərbaycanla bağlı xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur. Nəşrdə ölkəmizin siyasi, sosial-iqtisadi inkişafının əsas göstəriciləri, beynəlxalq miqyasda artan nüfuzu barədə oxuculara ətraflı məlumat verilir.