Cəbhə bölgəsindəki son hadisələrlə əlaqədar Füzuli Dövlət Teatrında tədbir keçirildi

Bu yazı 299 dəfə oxunub


Füzuli Dövlət Dram Teatrında geniş tərkibdə tədbir keçirilib. Son günlər mənfur ermənilərin atəşkəs rejimi pozması, Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələr tədbirin əsas mövzusu olub.

Döyüş tapşırıqlarını yerinə yetirən zaman qəhrəmancasına şəhid olmuş hərbçi və mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Əməkdar mədəniyyət işçisi tədbiri giriş sözü ilə açıb.

V.Vəliyev çıxış edərək aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində ordumuzun düşmənə layiqli cavab verdiyini, ermənilərin ətraf rayonları nəzarətdə saxladıqları yüksəkliklərin şücaətli əsgərlərimiz tərəfindən azad etdiklərini bildirib. Onun sözlərinə görə, ölkə prezidenti, Ali Baş komandanın məqsədyönlü siyasəti, ordumuzun qüdrəti və qələbəyə olan inam tezliklə bizim 25 illik Qarabağ həsrətimizə son qoyacaq: "Əlbəttə ki, bu münaqişənin sülh yolu ilə əldə olunmasını istərdik. Ancaq son günlər baş verən hadisələr bir daha sübut edir ki, biz güclü ordumuz sayəsində torpaqlarımızı hərb yolu ilə geri qaytarmağa qadirik və mən əminəm ki, həmin günlər uzaqda deyil”.

V.Vəliyev baş verən hadisələrə biganə qalmayaraq teatrın cari ay üçün repertuarında dəyişikliklərin edildiyini, repertuardakı komediya janrına aid olan tamaşaların vətənpərvərlik və müharibə mövzulu səhnə əsərləri ilə əvəz olunduğunu diqqətə çatdırıb.

Teatrın direktoru tədbir iştirakçılarını qeyri-rəsmi məlumatlara inanmamağa və onları yayımlamamağa, ictimai nəqliyyatda və teatrda da tamaşaçıları qəbul edərkən daha diqqətli olmağa çağırıb.

Tədbirdə çıxış edən teatrın baş rejissoru Asif Şirinov, Məryəm Məmmədova, İntizar Quliyeva, Əli Hüseynov və digərləri baş verən hadisələrə öz mövqelərini bildirərək, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyərək, bu qələbədə bütün dünyanın Azərbaycan tərəfdə olduğunu, tezliklə Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminliklərini bildiriblər.