Füzuli Dövlət Dram Teatrının qocaman aktyoru

Bu yazı 536 dəfə oxunub

Füzuli Dövlət Dram Teatrının qocaman aktyoru Vaqif Rəhimovun XeberLent.az informasiya agentliyinə müsahibəsini sizə təqdim edirik:

Vəzifəsinə bu dərəcədə ciddi və məsuliyyətlə yanaşan işini bu qədər ürəkdən sevən adama nadir hallarda rast gəlinir. Təsadüfi deyil ki, bu cür işgüzar, zəhmətkeş insan çalışdığı kollektivdə, yaşadığı bölgədə xüsüsi hörmətə, nüfuza sahib olur.

Belə insanlardan biri də öz ömrünün çoxunu teatr səhnəsində keçirmiş, Füzuli Dövlət Dram Teatrının qocaman aktyoru Vaqif Rəhimovdur.

İlk öncə Vaqif müəllimin dilindən eşitdiyimiz həyat yoluna qısa nəzər salaq.

"1944-cu il avqustun 30-da Füzuli rayonunda anadan olmuşam. İlk təhsilimi də Füzuli rayonunda almışam. Demək olar ki, bütün uşağlığım Füzulidə keçib. Sonradan isə restoranda xörəkpaylayan, həmçinin eyni zamanda Mədəniyyət evində fəaliyyət göstərən özfəaliyyət dərnəyində çalışmışam.Daha sonra isə restorandakı işimi buraxaraq özümü bütünlükdə teatra həsr etmişəm.”

Teatra olan bu maraq sizdə hardan idi?

* Hələ 1958 –ci ildə orta məktəbdə oxuyanda Füzuli rayon Mədəniyyət evinin rejissoru Mürşüd Haşımlı məktəbimizə gəlib bir-neçə istedadlı şagird seçdi. O şagirdlərin içində mən də var idim. Nəhayət ilk rolum 1959-cu idə N.B.Vəzirovun " Hacı Qənbər” tamaşasında Tıntın İmanqulu olmuşdur. Teatr tamaşalarına xüsusi maraq göstərərək sonradan bu tamaşada baş rolu Hacı Qənbəri oynayacağımı bəlkədə heç ağlıma da gətirməzdim.Sonradan teatra olan maraq günbəgün böyüməyə, ömrümü teatra həsr etməyə sövq etdi.İndi isə artıq teatrsız yaşaya bilmirəm. Çünki teatr mənim həyatımdır.

Teatrda hansı tamaşalarda oynamısınız?

Mənim üçün rolun böyüyü kiçiyi yoxdur.Əsas odur ki, mənə verilən rolu özümləşdirim, rolun bütün xüsüsiyətlərini özümdə cəmliyim.Teatrda işlədiyim müddətdə bütün tamaşalarda iştirak etmişəm.Onların hamısının adın çəksəm böyük bir siyahı alınar. Ancaq bəzilərinin adın qeyd edə bilərəm.M.F.Axundzadə "Hacı Qara”da Hacı Qara, S.S.Axundov " Eşq və İntiqam”da Şahbaz bəy”, "Tamahkar”da Hacı Murad, " Şahsənəm və Gülpəri”də Qafar, S.Rəhman "Toy”da Dəmirçi Musa, L.Rəşidzadə "Toya bir gün qalmış”da Qulam, Q.Rəsulov " Məhəbbət oyunu "da Daşdəmirov, A.Səfərli " Qarabağım qan ağlar”da Murad, "Fantan ərə gedir” də Ləngizadə,V.Şuksin " Diribaş adamlar”da Yekə qarın, M.S.Ordubadi "5 manatlıq gəlin”də Kəblə Hüseynəli, R.Səməndər " Gəlməyin, görməyin,gülməyin” də Əli, C.Məmmədov " Sevməyə vətən yaxşı”da Şərxan, S.Dağlı " Oyun bitdi”də Murğuzov, İ.Məlikzadə” Subaylarınızdan görəsiniz”də Əlipaşa, S.Axundov " Bəndalı bəndə düşüb”də Həsən və b.

Sizin üçün teatr səhnəsində uğur qazanmaq çətin idimi?

Həyatın yazılmamış qanunudur-nə qədər cəhd göstərsək də qısa zaman kəsiyində bütün arzularımıza çata bilmirik. İstəsək də, istəməsək də bunun üçün uzun yol getməli, əziyyət çəkməliyik.Əslində yaşayışımızın gözəlliyi də elə bundadır.Yüz ölçüb, bir biçmədən ,min dəfə götür-qoy etmədən , qayğılar içərisində dərin düşüncələrə dalmadan , narahat olub həyacan keçirmədən , zəhmət çəkib tər tökmədən uğur qazanmaq mümkün deyil.... Mən də bütün bu yolları keçərək uğur qazanmışam.

Biz öyrəndik ki, teatrda o sahə yoxdur ki,( qrim, rekvizit, geyim, xüsüsən qədim geyimlər) onu mükəmməl bilmiyəsiniz. Doğrudur?

-Bütün bunlara mənim marağım olub. Teatrda işlədiyim müddətdə S.Dağlının "Oyun bitdi”, Ə.Əmirlinin "Onun iki qabırğası”, "Yeddi məhbusə”, Q.Rəsulovun " Məhəbbət oyunu” və b. tamaşalara qurluş vermişəm.Həmçinin çalışmışam ki,

tamaşalarda əlimdən gələn hər bir şeyi edim və bildiklərimi teatrımızın gənclərinə öyrədim.

Bu gün işlədiyiniz teatr haqqında düşüncələrinizi bilmək istərdik?

Bu gün biz Füzuli rayon Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstəririk. Teatrımızın böyük yaradıcı kollektivi var. Yaradıcı kollektivində böyük hissəsini gənclər təşkil edir.Mən də çalışıram ki, əlimdən gələn hər bir şeyi gənclərimizə öyrədim. Teatrımızın direktoru Vaqif Vəliyev həmişə teatr işçilərini diqqətdə saxlayır. Onlar üçün əlindən gələn hər bir şeyi edir.

Həyatda gerçəkləşməmiş arzunuz varmı?

Bu gün düşmən tapdağında olan torpaqlarımız hər kəs kimi məni də rahat buraxmır. Qaçqınlıq, köçkünlük mənim də taleyimə yazıldı. Nə yazıq ki, biz hələ bu ağrıdan , acıdan qurtara bilməmişik. Lakin bir təsəlini onda tapıram ki, heç olmasa oynadığım rollarda mənfur düşmənlərimizə nifrətimi bildirə bilirəm. İnanıram ki, torpaqlarımızın işğalı uzun sürməyəcək. Doğma torpaqlarımız tezliklə düşmən əsarətindən qurtulacaq. Mən də Füzulimizdəki teatrımızda öz rollarımı ifa edəcəm. O zaman mənim ən böyük arzum gerçəkləşmiş olar. Yəqin ki, o gün uzaqda deyil, biz azadlıq günəşinin doğduğunu doğma Füzulimizdə, dilbər Qarabağımızda görəcəyik.

V.Rəhimovla müsahibə bizdə xoş təsir bağışladı . Onda diqqət çəkən cəhətlər çoxdur. Vəzifəsinə məsuliyyətlə yanaşır. Sənətinə ürəkdən bağlıdır. Sadə olduğu qədər mehriban , mehriban olduğu qədər təvazökar, təvazökar olduğu qədər də qayğıkeşdir.