Füzuli Dövlət Dram Teatrı

Bu yazı 2388 dəfə oxunub

Füzuli bölgəsinin zəngin teatr ənənəsi var. Belə ki, Qaryagin Musiqili Dövlət Dram Teatrı XX əsrin 10-cu (1913-1914) illərində yaranmışdır. Bu teatrın səhnəsində S.Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, M.Əliyev, S.Ruhulla, Məmməd Cavadov, Əyyub Əliyev, Əsəd Cəfərov, Adışirin Əliyev, Zəroş Həmzəyeva, Ağabala Abdyllayev, Abdulla Abdullayev, Cəmil Cəfərov, Firuzə Cəfərova, Dilarə Bayramova, Durna Quliyeva, Famil Musayev, Oktay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı (Respublikanın əməkdar artisti), Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişmiş, əvəzedilməz obrazları ilə teatr səhnəsində böyük iz qoymuşlar. Bu teatrın səhnəsində Ü.Hacıbəyovun "Əsli və Kərəm”, " Leyli və Məcnun”, N.B.Vəzirovun "Hacı Qənbər”, S.Vurğunun "Vaqif”, M.İbrahimovun "Həyat”, C.Cabbarlının "Almaz”, "Oktay Eloğlu”, A.Şaiqin "Vətən”, İ.Əfəndiyevin "Bahar suları” və s. əsərlər əsasında maraqlı tamaşalar oynanılmışdır.

Daha sonra Hüseynqulu Sarabski Qaryagin qəzasında Dövlət Dumasına deputat seçilmiş, teatr 1940-1953-cü illərdə ustad sənətkarın şərəfinə onun adını daşımışdır. H.Sarabski öz sevimli " Məcnun” rolunu Qaryagin Musiqili DDT-nın səhnəsində dəfələrlə oynamışdır. 1953-cü ildə sarabski DDT müəyyən səbəblər üzündən bağlandı. Teatr bağlansa da öz fəaliyyətini xalq teatrı formasında davam etdirirdi.Ürəkləri sənət eşqi ilə yanan aktyorlar özlərinə xalq teatrı yaratmaqla şərəfli sənət yolunu davam etdirdilər.Daha sonra Azərbaycan SSR Nazirlər Sovetinin 5 iyul 1989-cu il tarixli 292 saylı qərarı və Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 3459/1 saylı əmri ilə 1989-cu il avqust ayının 04-də Füzuli Dövlət Dram Teatrı yarandı.Azərbaycan SSR Mədəniyyət Nazirinin 312/k N-li əmri ilə əvvəllər Füzuli rayon Mədəniyyət evinin direktoru işləmiş Vəliyev Vaqif Zülfü oğlu teatrın direktoru təyin edildi. Əvvəllər Naxçıvan və Mingəçevir Teatrında işləmiş Novruzov Aqil teatrın quruluşçu rejissoru, Rzayev Anasim teatra baş mühasib, Əliyev Elçin teatrın baş inzibatçısı, Nizami Əliyev teatrın quruluş hissə müdiri, Mübariz Piriyev teatrın ədəbi hissə müdiri təyin edildi. Teatra ilkin aktyor qəbulu üçün müsabiqə keçirildi. Müsabiqənin nəticələrinə görə aşağıdakılar teatrın aktyor heyətinə daxil edildilər.

Mələksima Həsənova, Abdulla Abdullayev, İntizar Quliyeva, Məryəm Məmmədova, Asif Şirinov, Nizami Əliyev, Tofiqə Məmmədova, Hamlet İskəndərov, Fəxrəddin Salmanov, Əmiraslan Quliyev, Allahyar Əliyev, Vaqif Rəhimov, Dilarə Bəşirova, Lətifə Quliyeva və başqaları. Mədəniyyət Nazirliyinin tapşırığına əsasən tanınmış rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov teatrın açılışına S.Səxavət "Qapıların o üzündə qalan dünya”, V.Şukşin "Diribaş adamlar” tamaşasını hazırlayıb teatrsevərlərin ixtiyarına verdi. 

Füzuli teatrı müxtəlif tamaşa proqramları ilə M.F.Axundzadənin "Hacı Qara”, İ.Əfəndiyevin "Unuda bilmirəm”, "Bahar suları”, S.S.Axundov "Eşq və İntiqam”, S.Rəhman "Toy”, L.Rəşidzadə "Toya bir gün qalmış” M.Qacar "Qabanın səfəri”, A.Məmmədov "Həmyerlilər”, "Kişilər”, Ə.Haqverdiyev "Dağılan tifaq”, A.P.Çexov "Təklif”, N.B.Vəzirov "Sonrakı peşmançılıq fayda verməz” və s.tamaşalarla çıxış edib.1992-ci ildən rayona ara-sıra hücumlar edildiyindən həmin ilin fevral ayından Füzuli teatrı öz fəaliyyətini Horadiz qəsəbə mədəniyyət evində davam etdirməli oldu. Horadizdə normal yaradıcılıq məşqləri və normal iş ahəngi məlum işğalla əlaqədar 1993-cü il 23 avqust tarixə, Füzuli teatrı Sumqayıta köçürülənə kimi davam etdi.Azərbaycan Respublikası Mədəniyyət Nazirinin 25 avqust 192 saylı əmri ilə Füzuli teatrı Sumqayıt şəhərində H.Ərəbliniski adına SDDT-nın yerləşdiyi S.Vurğun adına Mədəniyyət sarayında məskunlaşdı. 2003-cü ilin noyabr ayına kimi teatr öz fəaliyyətini Sumqayıtda davam etdirdi. Bu on il ərzində teatrda 40-dan çox maraqlı, yaddaqalan tamaşalar hazırlandı. Teatr dəfələrlə Azərbaycanın Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və s. rayonlarında qastrol səfərində oldu, festivallarda çıxışları ilə fərqləndi. Sumqayıt teatrının baş rejissoru, əməkdar artist Firuddun Məhərrəmov C.Məmmədquluzadənin "Danabaşlılar" monimental tragikomediyası, C.Cabbarlının "Aydın" dramı, xalq artisti Valeh Kərimovun quruluşunda "Niyə dirilmisən" komediyası, istedadlı rejissor Şahmar Qəriblinin quruluşunda C.Məmmədquluzadənin "Kişmiş oyunu", S.S.Axundovun "Eşq və İntiqam" faciəsi teatrın uğurlu tamaşalarındadır.  

16 dekabr 1999-cu il Füzuli Dövlət Dram Teatrı Azərbaycan Teatrının yaranmasının 125 illiyi münasibətilə Bakı şəhərində keçirilən "Milli klassika festivalı”nda C.Cabbarlının "Aydın” tamaşası ilə uğurla çıxış etdi və festivalın diplomuna, xatirə hədiyyəsinə layiq görüldü.

2000-cü il aprel ayının 3-də Füzuli Dövlət Dram Teatrı Bakıda TXİ-nın keçirdiyi " Üfüq XXI” Mono tamaşalar festivalında N.Vəzirov "Dərvişin harayı” və C.Bekket "Krepin sonuncu lent yazısı” mono tamaşaları ilə çıxış etdi.

2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonun Horadiz qəsəbəsinə qayıtdı.Teatr Mədəniyyət Nazirliyinin və Füzuli rayon İcra Hakimiyyətinin razılığı ilə Horadiz qəsəbəsi mədəniyyət evinə köçürüldü. Teatr A.P.Çexovun "Ayı”, L.Rəşidzadənin "Toya bir gün qalmış”, yeni quruluşda S.Axundovun "Bəndalı bəndə düşüb”, A.Şaiqin "Bir saat xəlifəlik”, R.Tomanın "Tələ”, C.Məmmədquluzadə "Kamança”, T.Məmmədov "Ana abidəsi”, C.Məmmədov və F.Məhərrəmovun "Sevməyə vətən yaxşı”, S.M.Qənizadənin "Nəbəkar qonşu”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, A.Səfərlinin "Qarabağım qan ağlar”və s.tamaşalar hazırlayıb.

2007-ci ildə teatr Bakı şəhərində Teatr Xadimlər İttifaqının təşkil etdiyi Milli Teatr festivalında S.Axundovun "Bəndalı bəndə düşüb” tamaşası ilə çıxış etdi. 4 iyun 2010-cu il 4 iyun tarixində "Sərgüzəşti Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalında "Hacı Qara” tamaşası ilə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış etmişdir. Teatr iştirakına görə festivalın xatirə hədiyyəsinə və diploma layiq görülmüşdür. 2013-cü il teatr üçün uğurlu olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 25 iyun tarixli 2967 nömrəli sərəncamı ilə Füzuli DDT-nın direktoru Vəliyev Vaqif Zülfü oğluna "Əməkdar Mədəniyyət işçisi” fəxri adı verilmişdir. Həmçinin, Azərbaycan peşəkar milli teatrının 140 yubleyi ilə əlaqədar Vaqif Rəhimov, Asif Şirinov, Məryəm Məmmədova və Habil Hacıyev "Fəxri Mədəniyyət işçisi” döş nişanı ilə təltif olunmuşdular.

Bu gün teatr əsaslı təmirdən çıxan Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərir.Teatrın direktoru Vaqif Vəliyev, direktor müavini Habil Hacıyev, baş rejissor Asif Şirinov, baş rəssam Ellinaz Balaşova, ədəbi hissə müdiri Şəlalə Kərimovadır. Hazırda teatr repertuarda 60-dan çox əsərlərə səhnə həyatı vermişdi. İ.Əfəndiyev "Unuda bilmirəm”, S.Dağlı "Oyun bitdi”, Q.Rəsulov "Məhəbbət oyunu”, Y.Əzimzadə "Nəsrəddin”, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz”, S.S.Axundov "Tamahkar”, "Şahsənəm və Gülpəri”, N.B.Vəzirov "Daldan atılan daş topuğa dəyər”, H.Mirələmov "Vicdanın hökmü”, Ə.Əmirli "Onun iki qabırğası”, İ.Əfəndiyev "Unuda bilmirəm”, Ş.Tofiqqızı "Taleyin bir üzü” və s. Teatr rayon icra hakimiyyətinin tədbirlər planına əsasən rayonun işğaldan azad olunmuş kənd və qəsəbələrində repertuarında olan tamaşalarla çıxış edir.